"Bu işdən bahalı maşınlarınıza minib, milyon dollarlıq villalarınıza gedərək xilas ola bilməzsiniz".
Bu şüar bir vaxtlar məşhur futbolçu, futbol və moda ikonu Devid Bekhemə qarşı aparılan linç kampaniyasının simvoluna çevrilmişdi. Bəs Bekhem niyə bu qədər nifrətə tuş gəlmişdi?
Devid Bekhem Ser Aleks Ferqyusonun məşhur 92-ci il nəslindən yetişən futbolçular arasında bəlkə də ən çox diqqət çəkəni idi. O, hər zaman baxımlı görünüşü ilə seçilirdi. Meydanda da estetikası ilə fərqlənirdi: cərimə zərbələrindən vurduğu qollar, uzaq məsafədən zərgər dəqiqliyi ilə ötürmələri onu xüsusi edən xüsusiyyətlərdən idi.
Keçmiş komanda yoldaşlarından biri xatırlayır ki, futbolçulara birillik istifadə üçün maşın veriləndə, Bekhem həmin avtomobilə əlavə aksesuarlar quraşdırmışdı. Komanda yoldaşları ona bunun mənasız xərc olduğunu deyəndə isə belə cavab vermişdi: "İlk maşınımın baxımlı olmasını istəyirəm".
Estetikaya bu qədər önəm verən bir insan üçün 1998-ci il dünya çempionatı karyerasının ən ağır dönəmlərindən birinə çevrildi.
Həmin vaxt dünya futbolunda Zidanlar, Ronaldolar parlayırdı və ingilis xalqı da öz qəhrəmanını bütün dünyaya göstərmək istəyirdi. Ancaq Bekhem həmin turnirdə qəhrəman yox, antiqəhrəman oldu. Argentina ilə oyunda Dieqo Simeoneyə vurduğu lazımsız zərbəyə görə qırmızı vərəqə aldı və komandasını azlıqda qoydu. İngiltərə və Argentina arasında mübarizə hər zaman tarixi səbəblərdən (Folklend müharibəsi) gərgin olub. İngiltərə mübarizəni dayandırdı.
Bütün ittihamların hədəfində Bekhem dayanırdı.
"Spice Girls" qrupunun solisti Viktoriya Adamsla münasibəti medianın gündəmindən düşmürdü. Təhdid məktubları alırdı. Onu yetişdirən Ser Aleks Ferqyuson belə şəxsi həyatının həddindən artıq diqqət çəkməsindən narazı idi. Bir anda ölkənin ən sevilən gənclərindən biri ən çox tənqid olunan simalarından birinə çevrilmişdi.
Bu qədər nifrəti idarə etmək mümkündürmü?
Bekhemin böyüklüyü məhz burada başlayır.
1999-cu ildə klubu ilə futbol tarixinin ən məşhur üçləmələrindən birini qazandı. Ardınca 2002 dünya çempionatının seçmə mərhələsi gəldi. Yenə milli komanda, yenə bir xalqın ümidləri.
Yunanıstanla oyunda İngiltərəyə mundiala vəsiqə qazanmaq üçün heç-heçə kifayət edirdi. Lakin komanda son dəqiqələrə qədər 2:1 hesabı ilə geridə idi. Matçın son anlarında cərimə zərbəsi təyin olundu.
Bekhem topun arxasına keçdi.
Və sanki filmlərdəki kimi sonluq yaşandı.
O, möhtəşəm zərbə ilə hesabı bərabərləşdirdi və İngiltərəni dünya çempionatına daşıdı. Həmin an oyunu şərh edən spikerin dediyi sözlər illər sonra simvolik məna qazandı:
"Bu adamı cəngavər elan edin".
Təxminən iyirmi il sonra həmin sözlər gerçəyə çevrildi və Devid Bekhem "Sir" tituluna layiq görüldü.
Bir xalqın nifrətini sevgiyə çevirmək hər kəsin bacara biləcəyi iş deyil. Bekhem təkcə futbolçu kimi deyil, təzyiq qarşısında sınmayan bir insan kimi yadda qaldı. O, həm özünə, həm də bütün dünyaya sübut etdi ki, futbol bəzən sadəcə oyundan daha böyük hekayələr yarada bilir.