Darçın və qaymaq dadlı elektron siqaretlər immun hüceyrələrə daha ciddi zərər vuraraq aterosklerotik lövhələrin yaranması riskini artıra bilər.
Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru-ya rusiyalı mütəxəssis Elvira Xaçirova bildirib.
Həkimin sözlərinə görə, elektron siqaret mayelərinin tərkibində nikotindən başqa, nəfəs yolu ilə orqanizmə daxil olduqda iltihaba və hüceyrə zədələnməsinə səbəb olan aromatizatorlar və digər kimyəvi birləşmələr də var.
Onun sözlərinə görə, laboratoriya şəraitində aparılan tədqiqatlarda darçının tərkibindəki sinnamaldehidin damarların daxili qatını (endotelini) təşkil edən hüceyrələr üçün ən zəhərli maddə olduğu müəyyən edilib. Bu maddə endoteldə iltihaba və oksidləşdirici stresə səbəb olub.
Həmçinin, diasetil və 2,3-pentandion kimi yağlı və qaymaqlı dad verən maddələr makrofaqları zədələməklə aterosklerotik lövhələrin əmələ gəlməsini sürətləndirə bilər.
Mütəxəssisin izahına görə, diasetil və 2,3-pentandion ağciyərlərdən qan dövranına keçərək ateroskleroz prosesini gücləndirir. Bu maddələr makrofaqları oksidləşmiş xolesterini nəzarətsiz şəkildə udmağa sövq edir. Nəticədə makrofaqlar aterosklerotik lövhələrin əsasını təşkil edən "köpük hüceyrələrinə" çevrilir. Bundan əlavə, həmin birləşmələr hüceyrələrin iltihabla əlaqəli ölüm prosesini də başladır.