Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur.
Oxu.Az Fontanka.ru-ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb.
Məlumata görə, qadın noyabrın əvvəlində yoxa çıxıb. Onun kiçik bacısı bir həftədən çox müddətdə onunla əlaqə saxlaya bilmədiyi üçün polisə müraciət edib. Bu müddətdə qadının telefon nömrəsindən bacısına qəribə məzmunlu SMS-lər göndərilib. Bacısı mesajları başqa bir şəxsin yazdığından şübhələnib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qadının axtarışına başlayıblar. Axtarışlar meşə cığırında onun meyitinin tapılması ilə nəticələnib. Qadının 14 yaşlı oğlu dindirildikdən sonra qətldə əsas şübhəli kimi müəyyən edilib.
"Baza" "Telegram" kanalının məlumatına görə, istintaqın versiyasına əsasən, noyabrın 2-də ana ilə səkkizinci sinifdə oxuyan oğlu arasında mübahisə yaranıb. Mübahisəyə səbəb yeniyetmənin elektron siqaret çəkməyə aludə olması olub.
İddialara görə, məktəbli qadını boğaraq öldürüb, meyitini çamadana yerləşdirərək qəsəbənin kənarına aparıb. Bundan sonra isə anasının itkin düşməsindən xəbərsizmiş kimi davranıb.
Noyabrın 12-də yeniyetmə saxlanılıb. Sankt-Peterburqun Vıborq Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmənin mətbuat xidmətindən bildirilib ki, istintaqın versiyasına görə, təqsirləndirilən şəxs proses iştirakçılarına, o cümlədən yaxın qohumlarına təzyiq göstərə bilər. İddialara əsasən, həmin şəxslər hədə-qorxu və təkidlər nəticəsində yalan ifadə verməyə sövq ediliblər.
Bundan əlavə, qeyd olunub ki, yeniyetmə başqa ölkənin vətəndaşıdır, rəsmi qeydiyyat ünvanında yaşamır və həmin ünvanda qeydiyyatda deyil.
Yeniyetmə barəsində seçilmiş həbs qətimkan tədbiri 2027-ci il yanvarın 12-dək qüvvədə olacaq.