"Dördüncü Respublikanın sələfindən əsas fərqi münaqişənin yoxluğudur".
Oxu.Az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiya layihəsinin ictimaiyyətə təqdim edilməsi ilə əlaqədar çıxışında deyib.
"Ermənistanın Üçüncü Respublikası vətəndaşların təhlükəsizliyi, azadlığı və rifahının təminatı, milli kimliyin qorunub saxlanması, eləcə də insan haqlarının müdafiəsi məqsədilə deyil, bilavasitə münaqişəyə görə, münaqişə üçün qurulub. Bu, təkcə 1990-cı illərdəki Ermənistan rəhbərlərinin məqalə və bəyanatlarından deyil, həm də 23 avqust 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinin mətnindən aydın görünür. Məhz bu münaqişə məntiqi insanı və onun xəyallarını arxa plana keçirərək, qarşıdurma yolunu seçdi. Məhz bu münaqişə məntiqi ölkəmizi mühacirət axını ilə taqətdən salan əsas səbəb oldu. Məhz bu münaqişə məntiqi ölkəmizdə yeganə işi və missiyası "böyük Ermənistan" haqqında pafoslu ritorika altında talançılıqla məşğul olmaqdan ibarət olan "general manvel"ləri, "dodi qaqo"ları, "kaluqalı samo"ları, "robert koçaryan"ları, "serj sarqsyan"ları və "mişik"ləri yaratdı. Bu gün, nəhayət ki, qarətçilər ardıcıl olaraq öz layiqli cəzalarını alırlar. Mənimsənilmiş sərvətlər xalqa və dövlətə geri qaytarılır, ancaq hazırda Ermənistandakı ədalət mühakiməsinə inam yoxdur", - deyə Paşinyan vurğulayıb.
Hökumət başçısının sözlərinə görə, yeni konstitusiyanın əsas hədəflərindən biri hakimiyyəti və ədaləti yenidən erməni xalqına təhvil verməkdir.
"Yeni konstitusiyanın qəbul edilməsi ilə dövlət xalqa qaytarılmalıdır. Eyni zamanda, sülh də xalqa qaytarılmalıdır. Yeni layihənin, yəni yeni konstitusiya layihəsinin səkkizinci maddəsində təsbit olunur ki, Ermənistan Respublikasının xarici siyasətinin əsas məqsədi sülhü təmin etməkdir və bu, tarixi bir müddəadır. Bəli, bu addım 23 avqust 1990-cı il Müstəqillik Bəyannaməsinin, başqa sözlə desək, münaqişə məntiqindən imtina deməkdir. Heç bir vəchlə belə bir tələyə düşməyin ki, guya biz bunu xarici təzyiqlər altında və ya kiminsə xətrinə edirik. Biz bunu dövlətimizin uzunömürlülüyünü təmin etmək və Ermənistan Respublikasının mövqeyini elə qurmaq üçün edirik ki, o, forpost məntiqini geridə qoysun", - deyə erməni baş nazir fikrini yekunlaşdırıb.