Ermənistanın baş naziri Nikol Paşinyan günləri səhv saldığını və "Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu" layihəsinə rəsmi startın noyabrın 22-də deyil, 23-də veriləcəyini bildirib.
Oxu.Az xəbər verir ki, o, bu barədə "Telegram" kanalında yazıb.
"Məlum oldu ki, sabah bazar günüdür. TRIPP layihəsinə rəsmi start bazar ertəsi veriləcək", - deyə Ermənistan hökumətinin başçısı qeyd edib.
Bundan əvvəl Paşinyan "Digitec 2026" konfransı çərçivəsində keçirilən müzakirə zamanı noyabrın 22-də TRIPP layihəsinin açılışının olacağını bildirmişdi.
Oxu.Az xatırladır ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşün yekununda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh nizamlanması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması barədə birgə bəyannamə imzalayıblar. Bu layihə "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) adlandırılıb.
TRIPP layihəsi Ermənistanın Sünik vilayətindən keçən strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur.
İqtisadi xarakter daşıyan təşəbbüs dəmir yolu, avtomobil yolu, neft və qaz kəmərlərinin, eləcə də fiber-optik rabitə xətlərinin tikintisini əhatə edir. Layihə hərbi komponent olmadan, Ermənistan qanunvericiliyinə uyğun olaraq, ABŞ şirkəti tərəfindən həyata keçiriləcək.
Plana əsasən, ABŞ layihənin icrası üçün 99 ilədək müddətə müstəsna hüquqlar əldə edəcək. Ayrı-ayrı sahələr infrastrukturun inkişafı və təhlükəsiz istismarına cavabdeh olacaq beynəlxalq konsorsiuma subicarəyə verilə biləcək.