Ermənistanın paytaxtında itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilib.
Oxu.Az qeyd edir ki, Azərbaycan isə İrəvandan aylardır eyni məsələ ilə bağlı konkret addımlar gözləyir.
Söhbət 200-dən çox kütləvi məzarlığın yerini göstərən məlumatların təqdim olunmasından gedir.
Noyabrın 19-da İrəvanda keçirilən "İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq" mövzusunda konfransda Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla əməkdaşlığın vacibliyindən danışıb. Bakı üçün həmin əməkdaşlığın nəticəsi ölçülə biləndir. İrəvan axtarış aparmağa imkan verən koordinatları və digər məlumatları rəsmi Bakıya təqdim etməlidir.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin noyabrın 19-da açıqladığı məlumata görə, 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır. İşğaldan azad edilmiş ərazilərdə 32 kütləvi məzarlıq aşkarlanıb. Qalıqların çıxarılması və şəxsiyyətlərin müəyyənləşdirilməsi işi davam edir. Azərbaycan Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyir.
Dövlət komissiyaları arasında birbaşa təmaslar 2025-ci ilin fevralından davam edir. Azərbaycan şahid ifadələri və digər mənbələr əsasında hazırladığı siyahını İrəvana təqdim edib.
Ermənistan tərəfi dəfn yerləri barədə məlumat verməyi vəd etsə də, onu Azərbaycana hələ təqdim etməyib. İrəvanın əməkdaşlıq barədə son bəyanatının nəticəsi də məhz bu vədin yerinə yetirilməsi ilə ölçüləcək.
BQXK İrəvanda hansı suala cavab verməli idi?
Konfransda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Avrasiya üzrə əməliyyat koordinatoru Dina Fişer qurumun ailələrin müraciətləri əsasında və aidiyyəti dövlət orqanları ilə əlaqəli işlədiyini deyib.
O, komitənin münaqişə zonalarında ailələrin əldə edə bilmədiyi bəzi məlumat mənbələrinə çıxış imkanını da vurğulayıb. Elə bu imkan BQXK-nın üzərinə konkret sual qoyur: komitə özünün baş çəkdiyi azərbaycanlı əsir və girovlarla bağlı sənədlərdən hansı nəticəni çıxarıb və açıq qalan işlərin aydınlaşdırılması üçün bundan sonra hansı addımları ata bilər?
2025-ci ildə Vaşinqtonda paraflanmış sülh sazişi mətninin 9-cu maddəsində məlumat mübadiləsi, itkinlərin axtarışı, qalıqların qaytarılması və araşdırmalar üzrə əməkdaşlıq nəzərdə tutulur. İrəvanın indi ata biləcəyi konkret addım Bakı ilə birbaşa təmaslarda vəd etdiyi məlumatları təhvil verməkdir. Koordinatların açıqlanması axtarış qruplarına sahədə işləmək, ailələrə isə onilliklərdir gözlədikləri cavabı almaq imkanı verə bilər.
BQXK 54 azərbaycanlını sağ görüb: Ermənistan 37 nəfərlə bağlı cavab verməlidir
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) qeydiyyata aldığı 54 azərbaycanlı əsir və girovdan yalnız 17 nəfərin nəşi Azərbaycana qaytarılıb. Daha 33 nəfərin saxlanma yerində öldüyü bildirilib, amma nəşləri təhvil verilməyib. Dörd nəfərin sonrakı taleyi isə məlum deyil. Söhbət Birinci Qarabağ müharibəsində Ermənistan hərbçilərinin əsir və girov götürdüyü Azərbaycan vətəndaşlarından gedir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, BQXK 1998 və 2001-ci illərdə təqdim etdiyi məktublarda bu şəxslərin sağ olduqlarını təsdiqləyib. Komitənin əməkdaşları onlara Ermənistandakı və Azərbaycanın o vaxt işğal altında olan ərazilərindəki saxlanma yerlərində baş çəkiblər.
Həmin məktublar axtarış üçün konkret başlanğıc nöqtəsidir. Şəxslərin kimliyi müəyyən edilib, əsirlikdə olduqları qeydə alınıb və onlara baş çəkilib. Ermənistan saxlanma yerlərinə aid sənədləri, mümkün köçürülmələr və ölüm halları barədə qeydləri açıqlamalıdır. Ölümü bildirilmiş 33 nəfər üzrə ölüm şəraiti və dəfn yerləri, digər dörd nəfər üzrə isə son məlum saxlanma yeri və ondan sonrakı məlumatlar araşdırmanın əsas suallarıdır.
Qırmızı Xaçın qeydiyyatından sonra nə baş verdi?
BQXK özü əsir və girovlara baş çəkdiyinə görə, komitənin bu işdə rolu da konkretdir. Qurum hansı məlumatı vaxtında əldə edib? Hansı müraciətlər cavabsız qalıb? Məxfilik şərtlərinə əməl etməklə Azərbaycanın Dövlət Komissiyasına və ailələrə hansı məlumatlar təqdim oluna bilər? İrəvan konfransında ailələrin ehtiyaclarından danışan BQXK üçün öz qeydiyyatındakı işi bu suallar üzrə yenidən nəzərdən keçirmək imkan daxilində olan praktik addımdır. Saxlanma yerində ölüm barədə məlumat ailəyə doğmasının harada dəfn olunduğunu demir. Ermənistanın üzərinə düşən iş 37 nəfərin hər biri üzrə sənədləri təqdim etmək, dəfn yeri məlum olan şəxslərlə bağlı axtarışa imkan vermək və aşkarlanan qalıqların identifikasiyası və qaytarılması üçün əməkdaşlıq etməkdir. Həmin 37 nəfərin ailələri konkret cavab gözləyirlər.