Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Sian şəhərində Çin Kommunist Partiyası Şansi Əyalət Komitəsinin katibi Zhao Yide ilə görüşüb.
Oxu.Az xəbər verir ki, Zhao Yide əyalət partiya komitəsi və hökuməti adından Elçin Əmirbəyovun rəhbərlik etdiyi nümayəndə heyətini salamlayıb və əyalətin sosial-iqtisadi inkişafı barədə məlumatları çatdırıb.
O bildirib ki, Çin və Azərbaycan dost, tərəfdaş ölkələrdir. Son illər Çin Xalq Respublikasının Sədri Si Cinpinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strateji rəhbərliyi ilə münasibətlər sürətlə inkişaf edərək hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu, iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə mühüm təkan verib.
Zhao Yide qeyd edib ki, hazırda Şansi əyaləti Çin Kommunist Partiyası XX çağırış Mərkəzi Komitəsinin beşinci plenumunun qərarlarını dərindən öyrənir və ardıcıl şəkildə həyata keçirir, Sədr Si Cinpinin əyalətə müxtəlif səfərləri zamanı irəli sürdüyü mühüm fikirlərin, verdiyi göstərişlərin icrasını təmin edir. Əyalət "Bir kəmər, bir yol" təşəbbüsünün həyata keçirilməsində fəal iştirak edir, Çinin daxili bölgələrində islahatların və xarici dünyaya açıqlığın öncül mərkəzlərindən birinə çevrilmək istiqamətində səylərini artırır. Eyni zamanda, Çin modelinə uyğun müasirləşmənin yeni mərhələsinə nail olmağı hədəfləyir.
O, həmçinin vurğulayıb ki, Şansi əyaləti Çin-Azərbaycan münasibətlərinin davamlı inkişafına töhfə vermək məqsədilə iki ölkə liderləri arasında əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsinə, nəqliyyat bağlantıları, elmi-texnoloji innovasiyalar, yaşıl enerji, təhsil, mədəniyyət və gənclər arasında mübadilə kimi sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsinə hazırdır. Bildirilib ki, hazırda əyalətin müxtəlif ali təhsil müəssisələrində 30-dan çox azərbaycanlı gənc təhsil alır. Zhao Yide bu və digər istiqamətlərdə əməkdaşlığın daha da möhkəmləndiriləcəyinə ümidvar olduğunu ifadə edib.
Elçin Əmirbəyov göstərilən səmimi qonaqpərvərliyə görə Şansi tərəfinə təşəkkür edərək bildirib ki, son illərdə Azərbaycan və Çin arasında qarşılıqlı etimad və hörmətə əsaslanan müntəzəm yüksək səviyyəli siyasi dialoq əlaqələrin inkişafında mühüm rol oynayıb. Ötən ilin aprel ayında ikitərəfli münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi iqtisadiyyat və ticarət də daxil olmaqla, bütün sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb.
E.Əmirbəyov qeyd edib ki, qədim tarixə və zəngin mədəni irsə malik Şansi əyaləti Çin Kommunist Partiyasının tarixində mühüm yer tutur və əhəmiyyətli rol oynamış bir çox hadisələr məhz bu ərazidə baş verib. Əyalətlə yaxından tanışlıq Azərbaycan nümayəndə heyətinə Çin Kommunist Partiyasının mübarizə tarixini daha dərindən öyrənmək, habelə onun idarəçilik sahəsindəki təcrübəsi ilə tanış olmaq imkanı yaradıb.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi həmçinin səfərin Azərbaycan ilə Şansi əyaləti arasında ticarət, investisiya, yaşıl keçid, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və humanitar mübadilə sahələrində əməkdaşlığın daha da genişləndirilməsinə, qarşılıqlı faydalı tərəfdaşlığın və birgə inkişafın təşviqinə töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Görüşdə Şansi Əyalət Partiya Komitəsinin Daimi Komitəsinin üzvü və baş katibi Li Jun, Çin Xalq Xarici Ölkələrlə Dostluq İnstitutunun vitse-prezidenti Yang Tao, eləcə də institutun müvafiq bölmələrinin və əyalətin aidiyyəti qurumlarının məsul şəxsləri iştirak ediblər.
