O, iki ayağı dizdən aşağı amputasiya olunsa da, dünyanın ən nüfuzlu idman yarışlarından birində iştirak etməyi bacardı. Karbon lifindən hazırlanmış protez ayaqları ilə qaçaraq milyonlarla insanın diqqətini çəkdi, tarix yazdı və "Blade Runner" ləqəbini qazandı. Lakin bir gecədə baş verən faciə onun bütün uğurlarını kölgədə qoydu.
Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə Cənubi Afrika Respublikası atletikasının keçmiş ulduzu Oskar Pistoriusun həyat hekayəsindən bəhs edəcəyik.
Həyatına fərqli başlayan uşaq
Oskar Leonard Karl Pistorius 1986-cı il noyabrın 22-də CAR-ın Yohannesburq şəhərində dünyaya gəlib. O, hər iki ayağında baldır sümüyü olmadan doğulub. Həkimlərin tövsiyəsi ilə hələ bir yaşına çatmamış hər iki ayağı dizdən aşağı amputasiya edilib.
Bu, onun idmanla məşğul olmasına mane olmadı. Uşaqlıq illərində müxtəlif idman növləri ilə maraqlanan Pistorius sonradan atletikaya yönəldi. Ona adi idman ayaqqabıları əvəzinə karbon lifindən hazırlanmış xüsusi protezlər lazım idi.

"Blade Runner" dünyanı heyrətləndirir
Pistorius 2004-cü ildə Afina Paralimpiya Oyunlarında 200 metr məsafəyə qaçışda qızıl medal qazanaraq adını tanıtdı. 2008-ci ildə Pekində keçirilən Paralimpiadada isə üç qızıl medala sahib oldu.
Onun sürəti və mübarizəsi sağlam idmançılarla eyni yarışlarda iştirak etmək arzusunu gücləndirdi. Lakin bu istəyin qarşısında ciddi maneə vardı. 2007-ci ildə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası protezlərin ona üstünlük verdiyini əsas gətirərək Pistoriusun sağlam idmançılarla yarışmasını qadağan etdi. Cənubi afrikalı atlet qərarla razılaşmadı və idman arbitrajına müraciət etdi. 2008-ci ildə İdman Arbitraj Məhkəməsi qadağanı ləğv etdi.
Beləliklə, Pistoriusun Olimpiadada iştirak etmək arzusu yenidən gerçəkləşə bilərdi. 2012-ci ildə London Olimpiadasında 400 metr məsafəyə qaçış yarışında iştirak edən Pistorius tarixdə Olimpiya Oyunlarında yarışan ilk ikiqat amputasiyalı atlet oldu. O, yarımfinala qədər irəlilədi. Həmin il London Paralimpiadasında da iki qızıl medal qazandı.
Dünyanın diqqət mərkəzində olan atlet artıq təkcə idman nəticələri ilə deyil, əlilliyi olan insanların idmanda imkanlarını genişləndirən sima kimi də tanınırdı.
Sevgilisinə açılan atəşlər
2013-cü il fevralın 14-də Pistoriusun həyatında hər şeyi dəyişən hadisə baş verdi. Sevgilisi, model və hüquq məzunu Rivva Stinkamp Pretoriyadakı evində güllələnərək öldürüldü.
Pistorius hamam otağının bağlı qapısına dörd dəfə atəş açdığını etiraf etdi. O, evdə oğru olduğunu düşündüyünü və sevgilisinin hamamda olduğunu bilmədiyini bildirdi. Lakin prokurorluq onun sevgilisini qəsdən öldürdüyünü iddia edirdi.

Hadisə dünya mediasının əsas mövzularından birinə çevrildi. Vaxtilə milyonların qəhrəmanı olan atlet bu dəfə məhkəmə qarşısında idi.
2014-cü ildə məhkəmə onu qəsdən adam öldürmədə deyil, ehtiyatsızlıqdan ölümə səbəb olmaqda təqsirli bildi və beş il həbs cəzası verdi. Lakin prokurorluğun apellyasiya şikayətindən sonra işə yenidən baxıldı. 2015-ci ilin dekabrında CAR-ın Ali Apellyasiya Məhkəməsi hökmü dəyişdirərək Pistoriusu qəsdən adam öldürməkdə təqsirli bildi. 2017-ci ildə onun cəzası 13 il 5 aya çatdırıldı.

Həbsxanadan azadlığa
Pistorius 2024-cü il yanvarın 5-də şərti azadlığa buraxıldı. O, cəzasının qalan hissəsini müəyyən məhdudiyyətlər altında keçirməlidir. Şərti azadlıq müddətinin 2029-cu ilin dekabrında başa çatması nəzərdə tutulur.
Beləliklə, bir vaxtlar protez ayaqları ilə idman tarixində yeni səhifə açan, Olimpiya və Paralimpiya arenasında milyonların alqışını qazanan Oskar Pistoriusun hekayəsi ağır cinayət və məhkəmə hökmü ilə yadda qaldı.
Onun həyatı idman uğurlarının insanın bütün həyatını müəyyən etmədiyini göstərən ən kəskin nümunələrdən biri oldu.
