Cənubi Afrika Respublikasından olan, Böyük Britaniya vətəndaşlığına malik araşdırmaçı jurnalist Mika Reddi Cibutidə xidməti səfərdə olarkən yoxa çıxıb.
Oxu.Az "The Daily Maverick"ə istinadən xəbər verir ki, ondan bir gün əvvəl onun Cibutidəki köməkçisi Kuki Mahmud da yoxa çıxıb.
Böyük Britaniya və CAR hökumətləri həmin şəxslərin taleyini öyrənmək üçün yerli hökumət orqanları ilə əlaqə saxlamağa çalışıblar.
Məqalədə qeyd olunur ki, Reddi dünya miqyasında bir sıra böyük korrupsiya araşdırmaları aparmış Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunda (ICIJ) çalışıb. Təşkilatın baş redaktoru Ferqus Şil bildirib ki, itkin düşən jurnalist uzunmüddətli araşdırma üçün məlumat əldə etməli idi.
ICIJ-nin məlumatına görə, Reddi sentyabrın 17-də CAR-dan Cibutiyə gedib. Reddi sonuncu dəfə köməkçisi gəlməzdən əvvəl həmkarları ilə əlaqə saxlayıb. Həmin vaxt o, hər şeyin qaydasında olduğunu bildirib.
"Beynəlxalq hotelin foyesindən kiminsə yoxa çıxması çox qeyri-adi haldır. Biz Cibuti hökumət orqanlarından Mikanın harada olduğunu açıqlamağı xahiş edirik. Onun saxlanıldığından şübhələnirik və geri qaytarılmasını istəyirik", - deyə Şil bildirib.