Fransa Senatı (parlamentin yuxarı palatası) polis və jandarm əməkdaşlarının odlu silahdan istifadəsinin qanuniliyinə dair prezumpsiyanı nəzərdə tutan qanun layihəsini yekun olaraq qəbul edib.
Oxu.Az "Agence France-Presse" agentliyinə istinadən xəbər verir ki, sənədin lehinə 205, əleyhinə isə 110 senator səs verib.
Mərkəz-sağ Respublikaçılar Partiyasının deputatı Erik Poje tərəfindən irəli sürülən təşəbbüs daha əvvəl parlamentin aşağı palatası olan Milli Assambleyada da təsdiqlənib.
Qanun layihəsini hökumət, mərkəzçi siyasi qüvvələrin əhəmiyyətli hissəsi və sağçı Milli Birlik Partiyası dəstəkləyib.
Sənədə əsasən, polis və jandarm əməkdaşları odlu silahdan istifadə etdikdə, əksi sübuta yetirilənədək onların qanun çərçivəsində hərəkət etdikləri hesab olunacaq.
Fransanın daxili işlər naziri Loran Nunes parlamentin qərarını alqışlayaraq bunu polis və jandarm əməkdaşlarına göstərilən etimadın ifadəsi adlandırıb.
Nazirin sözlərinə görə, yeni qanun hüquq-mühafizə orqanlarının əməkdaşlarını fəaliyyətlərinin real şəraitinə uyğun hüquqi baza ilə təmin edəcək.