Şəmkir rayonunda dörd kəndi birləşdirən avtomobil yolu yenidən qurulsa da, sakinlərin sevinci yarımçıq qalıb. Belə ki, yeni asfalt örtüyü çəkildikdən sonra yolda sürət həddini aşan sürücülərin sayının artdığı, bunun isə ağır yol-nəqliyyat hadisələrinə səbəb olduğu bildirilir.
Oxu.Az xəbər verir ki, sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək avtomobil yolunda sürət həddinə nəzarətin gücləndirilməsini tələb ediblər.
Onların sözlərinə görə, sürücülər yolda yüksək sürətlə hərəkət edir və müəyyən edilmiş sürət həddinə əməl etmirlər. Nəticədə indiyədək bir neçə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar olub.
Qəzada iki nəvəsini itirən sakinlərdən biri vəziyyətin acınacaqlı olduğunu bildirib:
"Bu yolda mənim iki nəvəm öldü. Onları maşın vurdu. Buradan avtomobillər saatda 140-160 kilometr sürətlə hərəkət edir. Heç kim qaydalara əməl etmir. Yola nəzarət olunsun, tramplin qoysunlar, radar quraşdırsınlar, nə isə bir tədbir görsünlər".
Digər sakin isə yolda təhlükəsizlik baryerlərinin və sürət məhdudlaşdırıcı maneələrin olmadığını vurğulayıb:
"İndi nə işıqfor var, nə də baryer. Bir-iki yerdə qırıq-çökük nə isə qoyublar. Gedib baxsınlar, hamısı sıradan çıxıb. Radar quraşdırsınlar. Yoxsa sürücülər saatda 80-100 yox, 120-140 kilometr sürətlə hərəkət edirlər".
Sakinlərin bildirdiyinə görə, asfalt örtüyü yeniləndikdən sonra cəmi beş ay ərzində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Onlar yolda xəbərdarlıq nişanlarının, sürətə nəzarət kameralarının və süni maneələrin quraşdırılmasını tələb edirlər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlanıb.
Qurumdan bildirilib ki, Şəmkir rayonunda yeni təmir olunmuş Qədimqala-Miskinli-Keçili-Xuluf avtomobil yolunda hərəkət təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər görülür.
Hazırda aidiyyəti dövlət qurumu tərəfindən yolda hərəkətin təşkili və təhlükəsizliyin təmin olunması məqsədilə müvafiq yol nişanlarının və digər nizamlayıcı vasitələrin quraşdırılması işləri aparılır.
Bununla yanaşı, ərazidə yol polisi tərəfindən mütəmadi xidmət təşkil olunur və mümkün qəzaların qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilir.