Paris meri Emmanuel Qrequar "GTA VI" oyunu səbəbindən yatıb qalaraq, şəhər şurasının iclasını buraxmaqda ittiham olunur. Bu ehtimalı yaradan səbəb merin oyunun buraxılışına həsr edilən "Instagram" paylaşımı olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Alerteslnfos" nəşri öz "X" hesabında yazıb.
Bildirilir ki, noyabrın 19-da gecəyarısı Emmanuel Qrequar "GTA VI"nın relizinə (buraxılışına) qədər gerisayımı əks etdirən hekayə paylaşıb.
"Lets go!!!! ("Getdik")", - deyə mer hekayəyə şərh yazıb.

Səhər isə sosial şəbəkələrdə informasiya yayılıb ki, mer Paris Şəhər Şurasının saat 9:00-a təyin olunan iclasına çatmayıb, yalnız günorta saatlarında - üç saat gecikmə ilə gəlib. İstifadəçilər ehtimal ediblər ki, Qrequar gecəni videooyun oynayıb.
Lakin mer özü iclasa vaxtında yetişməməsi ilə bağlı bu ittihamları rədd edib. Onun sözlərinə görə, həmin səhər işgüzar görüşdə olub, sonra isə Şəhər Şurasının iclasına sədrlik edib.
"Cədvəlimlə bağlı narahatlığınıza görə təşəkkür edirəm, amma mən həqiqətən də Paris meriyasının müntəzəm təmasda olduğum etika üzrə komissarı ilə səhər saat 9:00-da öz ofisimdə təyin olunan görüşə vaxtında gəlmişəm. Bundan sonra Paris Şəhər Şurasının iclasına sədrlik etmişəm", - deyə Qrequar öz "X" hesabında qeyd edib.
Qeyd edək ki, beşinci seriyanın buraxılışından 13 il sonra - noyabrın 19-da "Rockstar Games" şirkəti "GTA VI"nı təqdim edib.