"GTA VI" oyununun satışından və ilkin sifarişlərindən əldə olunan gəlir bir gün ərzində 2,36 milyard dolları ötüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sensor Tower" analitik şirkətinin statistik məlumatlarında bildirilib.
Məlumata görə, bir gün ərzində oyunun 24,58 milyondan çox nüsxəsi satılıb. Alıcıların təxminən 75 faizi "GTA VI"nın "PlayStation 5", 25 faizi isə "Xbox" versiyasına üstünlük verib.
"PlayStation" istifadəçiləri oyunun yaradıcısı "Rockstar Games" şirkətinə 1,77 milyard dollar, "Xbox" istifadəçiləri isə 588 milyon dollar gəlir qazandırıblar.
"GTA VI" noyabrın 19-da, seriyanın əvvəlki əsas hissəsinin təqdimatından 13 il sonra satışa çıxarılıb. Oyundakı hadisələr ABŞ-nin Florida ştatından ilhamlanaraq yaradılmış uydurma Leonida ştatında, o cümlədən Mayaminin müasir versiyasını xatırladan Vays-Siti şəhərində cərəyan edir.
Seriyanın tarixində ilk dəfə olaraq əsas süjet xəttində iki baş qəhrəman yer alıb. Ceyson Düval və Lusiya Kaminos məşhur Bonni və Klayd cütlüyünü xatırladan, bir-birinə aşiq cinayətkarlardır.
Oyun dünya miqyasında böyük marağa səbəb olub. "The Telegraph" nəşrinin məlumatına görə, bir çox oyunçu "GTA VI"nın satışa çıxması ilə əlaqədar işdən icazə götürüb. Böyük Britaniyada isə bəzi məktəblər şagirdlərin dərsə davamiyyəti ilə bağlı problemlərlə üzləşiblər.
Hətta Paris meri Emmanuel Qreqoarın noyabrın 19-na keçən gecə oyunun təqdimatı ilə əlaqədar şəhər şurasının iclasına gecikdiyi ehtimal olunub.
"GTA VI", həmçinin "PlayStation Store" və "Microsoft Store" rəqəmsal mağazalarının tarixində ən çox ilkin sifariş verilən oyun olub.
Oyunun ilkin sifarişlərdən əldə etdiyi gəlir satışa çıxarılmasından əvvəl bir milyard dollar həddini keçib.