Kaliforniyanın Baş prokuroru Rob Bonta Censen Huanqın vəzifəsindən getməsindən sonra "Nvidia" şirkətinə qarşı təhqiqata başlayıb.
Oxu.Az "Politico" nəşrinə istinadən xəbər verir ki, baş prokuror mənzil-qərargahı Kaliforniyanın Santa-Klara şəhərində yerləşən texnologiya nəhənginə istintaq çərçivəsində məlumatların təqdim edilməsi üçün çağırış vərəqəsi göndərib.
"Xüsusilə, biz "Nvidia"nın qabaqcıl çiplərinin və ya şirkətin məxfi məlumatlarının Çinə keçib-keçməməsini, həmçinin şirkətin investorları və ictimaiyyəti çaşdırıb-çaşdırmamasını aydınlaşdırırıq", - deyə o, açıqlamasında bildirib.
Buna səbəb Huanqın ABŞ xüsusi xidmət orqanları tərəfindən Çinin xeyrinə casusluqda şübhəli bilinən qadınla əlaqəsi barədə yayılan xəbərlər olub. Çin Xarici İşlər Nazirliyi isə həmin qadının bu ölkənin kəşfiyyatına işləməsi ilə bağlı iddiaları böhtan adlandırıb.
Xatırladaq ki, noyabrın 12-də Huanq süni intellekt (Sİ) üçün çiplərin istehsalı üzrə dünyanın aparıcı şirkəti olan "Nvidia"nın baş direktoru və prezidenti postlarını tərk edib, eyni zamanda Direktorlar Şurasından çıxıb.