Fransa prezidentliyinə namizəd Marin Le Penin rəhbərlik etdiyi sağçı Milli Birlik Partiyasının Parisdəki baş qərargahında axtarış həyata keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Bildirilir ki, əməliyyat Paris prokurorluğu tərəfindən bu ilin 27 iyul tarixində başlanmış təhqiqat çərçivəsində aparılıb.
Məlumata əsasən, Fransa Daxili İşlər Nazirliyinin (DİN) bir əməkdaşı şübhəli şəxs qismində cəlb edilib. Onun partiya nümayəndələrinə gizli məlumatları ötürdüyü ehtimal olunur. Telekanal qeyd edir ki, axtarış zamanı Paris prokurorunun müavini də partiyanın ofisində olub. Lakin sonradan onun həmin yerdə şəxsi səfər məqsədilə olduğu üzə çıxıb. Paris prokurorluğu bu səfərin cinayət işi ilə heç bir əlaqəsi olmadığı açıqlayıb.
Son vaxtlar Fransanın hüquq-mühafizə orqanlarının sağçı siyasi qüvvələrə qarşı diqqəti xeyli artıb. Belə ki, oktyabrın sonlarında sağyönümlü deputatların ofislərində də yoxlamalar aparılıb. Sözügedən istintaq Milli Birlik Partiyasının da daxil olduğu sabiq "Kimlik və Demokratiya" qrupu tərəfindən Avropa İttifaqı vəsaitlərinin ehtimal edilən qeyri-məqsədyönlü istifadəsi iddiaları ilə bağlıdır.