Paris Apellyasiya Məhkəməsi Milli Birlik Partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Penə qarşı Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işi üzrə kəsilmiş həbs cəzasını üç ilə qədər azaldıb.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qərara əsasən, bu müddətin iki ili şərti olaraq təyin edilib, qalan bir il ərzində isə siyasətçi elektron qolbaq gəzdirməli olacaq.
Məhkəmə həmçinin Le Penin seçkilərdə iştirakına qoyulan qadağa müddətini də 15 aya qədər endirib. Bu qərar sayəsində siyasətçi 2027-ci ildə keçiriləcək prezident seçkisinə namizəd kimi qatıla biləcək.
Xatırladaq ki, 2025-ci ildə Marin Le Pen Avropa Parlamentinin büdcəsindən təyinatı üzrə istifadə etməməkdə təqsirli bilinmişdi. İlk instansiya məhkəməsi onu beş il müddətinə seçkili vəzifə tutmaq hüququndan məhrum etmiş, iki ili şərti olmaqla dörd il azadlıqdan məhrumetmə cəzası kəsmiş və 100 min avro məbləğində cərimələmişdi. Yerdə qalan cəza müddətinin elektron qolbaqla çəkilməsinə icazə verilmişdi.
Məhkəmənin gəldiyi qənaətə görə, Le Pen əslində Fransada partiya üçün fəaliyyət göstərən işçilərin məvacibini Avropa fondları hesabına ödəyən xüsusi sxem yaratmışdı. Siyasətçi irəli sürülən ittihamları rədd edərək həmin qərardan apellyasiya şikayəti vermişdi.