Oktyabrda Avropada Çin markalarına məxsus yeni avtomobillərin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 103% artaraq 151 112 ədədə çatıb.
Oxu.Az bu barədə "Bloomberg" agentliyinə istinadən xəbər verir.
Bununla belə, Çin avtomobil markalarının bazar payı sentyabrda qeydə alınan rekord 14,5%-dən oktyabrda 13,6%-ə enib. Bu azalma mövsümi dəyişikliklərlə əlaqələndirilir.
Məlumatlar Avropa İttifaqı ölkələrini və Böyük Britaniyanı əhatə edir. Portuqaliya və Kipr isə statistikaya daxil edilməyib.
Satış artımının əsas hərəkətverici qüvvəsi hibrid avtomobillər olub. Bu nəqliyyat vasitələrinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 182% artıb. Regionda satılan bütün hibrid avtomobillərin dörddə birindən çoxu Çin markalarının payına düşüb.
Satış artımına görə liderlər arasında "Leapmotor" (273,9%), "Chery" (184,7%) və "BYD" (128,1%) yer alıblar. "SAIC" satışlarını 25,6%, "Geely" isə 17,9% artırıb.
Qeyd edək ki, 2026-cı ilin üçüncü rübündə Çin avtomobil markaları Avropada satış həcminə görə ilk dəfə Yaponiya istehsalçılarını geridə qoyublar.