ABŞ-nin 42-ci prezidenti Bill Klintonun Rusiya üzrə müşaviri olmuş Strob Talbott 80 yaşında vəfat edib.
Oxu.Az "The New York Times" qəzetinə istinadən xəbər verir ki, onun ölüm xəbərini həyat yoldaşı Barbara Lazer Aşer təsdiqləyib.
Klinton administrasiyasında Rusiya və postsovet ölkələri ilə əlaqələrə cavabdeh olan Talbott 1994-2001-ci illərdə ABŞ dövlət katibinin müavini vəzifəsində çalışıb.
Talbott Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması prosesində də fəal iştirak edib. O, ATƏT-in Minsk qrupunun fəaliyyətinə nəzarət edib, dəfələrlə Bakıya və İrəvana səfər edərək hər iki ölkənin prezidentləri ilə danışıqlar aparıb.
Talbottun regiona mühüm səfərlərindən biri 1999-cu il oktyabrın 26-27-də baş tutub. O, oktyabrın 26-da Bakıda, ertəsi gün isə İrəvanda görüşlər keçirib. Səfərdən qısa müddət sonra Ermənistan parlamentində törədilən terror aktı nəticəsində baş nazir Vazgen Sarkisyan və parlamentin sədri Karen Dəmirçiyan öldürülüblər. Hadisə danışıqlar prosesinin uzun müddət dayanmasına səbəb olub.