Azərbaycan Tibb Universitetinin (ATU) 100 illik yubileyi çərçivəsində yeni binanın tikintisi planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu barədə universitetin Böyük Elmi Şurasının növbəti iclasında qeyd olunub.
Bildirilib ki, yeni binanın tikintisi ilə bağlı layihələndirmə işlərinin aparılması qarşıdakı dövrün əsas planlarından biridir.
İclasda universitetin infrastrukturunun yaxşılaşdırılmasına yönələn bir sıra digər layihələr də diqqətə çatdırılıb. Bu çərçivədə tələbə yataqxanalarının və üzgüçülük hovuzunun əsaslı təmiri, universitet ərazisindəki parkın yenilənməsi, liftlərin yeniləri ilə əvəzlənməsi, eləcə də müasir turniket sisteminin quraşdırılması planlaşdırılır.
Eyni zamanda, ali təhsil müəssisəsinin tədris binalarında, klinikalarında və digər infrastruktur obyektlərində həyata keçirilən təmir və yenilənmə işləri, avadanlıqlarla təminat, təhlükəsizlik və videomüşahidə sistemlərinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verilib.