Xırdalan sakinləri asfalt örtüyünün yararsız vəziyyətə düşməsindən şikayətçidirlər.
Bu barədə Oxu.Az-a müraciət edən sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, yağış zamanı Hacı Zeynalabdin Tağıyev küçəsində yollar keçilməz olur:
"Yol bərbad gündədir, hər tərəf palçıqdır. Asfalt örtüyü olan yol da hansısa kommunikasiya xəttinin yenilənməsi ilə əlaqədar təmirə bağlanıb. Gecə saatlarında burada tıxac yaranır. Yollarımız getdikcə daha da bərbad vəziyyətə düşür, bir sözlə, sakinlər əziyyət çəkirlər. Avtobuslar da bu yoldan hərəkət edir.
Əvvəllər məhəlləyə asfalt çəkilmişdi, lakin keyfiyyətsiz iş görüldüyündən, örtüyü sonradan dağıldı. İndi maşınların və avtobusların intensiv hərəkəti vəziyyəti daha da çətinləşdirir".
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu göndərilib.