Noyabrın 15-dən paytaxtda və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start verilib. "Azəristiliktəchizat" ASC-dən bildirilib ki, abonentlərin böyük əksəriyyəti ödənişləri vaxtında həyata keçirib və ötən mövsümdən borcları qalmayıb. Qurumun yaydığı digər məlumata görə, borc ödənilmədiyi təqdirdə binaların istilik təchizatı dayandırıla bilər.
Borclar ödənilmədiyi halda müvafiq qazanxanaların fəaliyyəti dayandırılacaq.
Bu, sakinlər arasında narazılığa səbəb olub. Vətəndaşlar bildirirlər ki, onların borcu olmasa da, istiliyin verilməməsi haqlarının pozulmasıdır.
Məsələ ilə bağlı Oxu.Az-a danışan deputat Arzuxan Əlizadə bildirib ki, istilik təchizatı ilə bağlı məsələdə hər bir abonentin hüquq və öhdəlikləri ayrıca nəzərə alınmalıdır.
Milli Məclisin üzvü qeyd edib ki, vətəndaş istifadə etdiyi istilik xidmətinin haqqını vaxtında və tam şəkildə ödəyirsə, digər mənzillərdə yaşayan sakinlərin borclarına görə onun istilikdən məhrum olunması yolverilməzdir:

"Hər bir abonent yalnız öz öhdəliyinə görə məsuliyyət daşımalıdır. Bir mənzildə yaşayan şəxsin borcuna görə digər mənzildə yaşayan və ödənişini vaxtında edən vətəndaşın da cəzalandırılması istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Təbii ki, istilik xidmətinə görə hər bir abonent ödəniş etməlidir və borcu olanlara qarşı qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülə bilər. Lakin bunun üçün fərdi mexanizmlər tətbiq olunmalıdır. Bir binada 30 mənzil varsa və onların bir neçəsi ödəniş etmirsə, qalan mənzillərin də istiliksiz saxlanılması nə dərəcədə əsaslıdır? Ödənişini vaxtında edən vətəndaşın başqasının borcuna görə məsuliyyət daşıması düzgün yanaşma deyil. Xüsusilə qış aylarında bu cür qərarlar insanların gündəlik həyatına və sosial rifahına ciddi təsir göstərir".
A.Əlizadə qeyd edib ki, aidiyyəti qurumlar bu məsələyə yenidən baxmalı və abonentlərin hüquqlarının qorunması üçün konkret mexanizmlər tətbiq olunmalıdır:
"Borclu və borcunu ödəyən abonent arasında fərq qoyulmalı, istilik təchizatının dayandırılması fərdi qaydada həyata keçirilməlidir. Vətəndaş öz öhdəliyini yerinə yetirirsə, onun başqasının borcuna görə istilik xidmətindən məhrum edilməsi üçün heç bir əsas olmamalıdır".
Sözügedən məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin də mövqeyini öyrəndik.
Qurumun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elvin Basqallı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, binanın istilik təchizatının borca görə dayandırılması istehlakçıların kütləvi şəkildə və uzun müddət ödəniş etməməsi ilə bağlıdır:

"Bu halda amortizasiya xərclərini qarşılamaq və qazanxananı işlətmək mümkün olmur. Qazanxana sutkada 24 saat işləməlidir. Bunun üçün mövsümi işçilər cəlb olunmalı, onların əməkhaqqını və qazanxananın işə salınması üçün lazım olan resursların xərclərini ödəməyə vəsait toplanmalıdır. Bu vəsait toplanmadıqda qazanxananı işə salmaq, istilik xətlərinə lazımi texniki xidmət göstərmək mümkün olmur.
Bu, məcburiyyətdən, istəməyərək yaranan vəziyyətdir. İstilik enerjisi əldə edib mənzillərə ötürmək üçün qaz, su və elektrik enerjisinə görə ödəniş etməliyik. İstehlakçılar kütləvi şəkildə ödəniş etməsə, bu xərcləri qarşılamaq və binanın istiliklə təminatı mümkün olmur".