Milli Məclisdə zaman-zaman deputatlar dövlət qurumlarının vətəndaşların müraciətləri ilə bağlı göndərdikləri məktublara biganə yanaşmasından, qaldırılan problemlərin həll edilməməsindən, verilən cavabların isə bəzən formal xarakter daşıdığından gileylənirlər. Bununla yanaşı, bəzi deputatlar müraciətlərinin aidiyyəti qurumlar tərəfindən diqqətlə araşdırıldığını və cavablandırıldığını bildirirlər.
Bəs deputatların dövlət qurumlarına müraciətləri nə dərəcədə effektiv olur, qaldırılan problemlər nə qədər müddətə həll edilir? Ümumiyyətlə, parlamentarilər hansı qurumlardan razı, hansılardan narazıdırlar?
Oxu.Az bu suallarla Milli Məclisin bir sıra deputatlarına müraciət edib.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc:

"Komitəmiz həm ay, həm də il ərzində edilən müraciətlərin dəqiq statistikasını təqdim edir. Bunların ümumi sayı il ərzində 1 000-ə qədər olur. Bu da ayda təxminən 80-100 müraciət təşkil edir. Onların hər birinin hansı sahələri əhatə etdiyini yekun təqdim etdiyimiz infoqrafikada göstərməyə çalışırıq ki, əsasən sosial məsələlər, iqtisadi problemlər, ondan sonra məhkəmə orqanları ilə bağlı məsələlər və s. təşkil edir.
Bizim indiyə qədərki müraciətlərimizin mütləq əksəriyyəti cavablandırılır. Lakin əlbəttə ki, qaldırılan məsələlərin avtomatik olaraq hamısının həlli demək deyil. Bir sıra hallarda açıq demək lazımdır ki, müraciətlər xarakterinə görə fərqlənir. Ancaq biz profil komitə olaraq, əsasən, Daxili İşlər Nazirliyi, məhkəmə sistemi, Baş Prokurorluq və Ədliyyə orqanları ilə daha çox işləyirik. Hər dörd sahənin rəhbəri şəxsən bizim məktublarımıza öz imzaları ilə cavab verirlər. Məsələn, bir neçə ildir davamlı olaraq daxili işlər naziri Vilayət Eyvazov bizim göndərdiyimiz məktubların hamısına nazir müavinləri, yaxud da müvafiq idarələrin təmsilçiləri ilə deyil, bilavasitə özü cavab verir və məktubu şəxsən imzalayır. Digər strukturlar, yəni Ədliyyə Nazirliyi haqqında da eyni fikir söyləyə bilərik, məhkəmə orqanları haqqında da. Ancaq o da həqiqətdir ki, qaldırılan məsələlərin xarakteri bir-birindən həddən artıq fərqli olur. Ona görə də bizə edilən müraciətlərin hamısını sorğu qaydasında yönəldirik.
Məsələn, iki gün əvvəl Bayılda evləri söküntüyə məruz qalan insanlardan tutmuş, digər ərazilərdə evinin sənədlərini rəsmiləşdirməyə çalışan, yaxud da Apellyasiya Məhkəməsi instansiyasında yaxın ailə üzvləri ilə problemləri olan şəxslər qəbula gəlmişdilər. Mən onların böyük əksəriyyəti ilə bağlı şifahi olaraq müvafiq qurumlarla danışmalı oldum, hər birinə də geri dönüş etdik. Qəbula 22 nəfər müraciət etmişdi. Hər bir müraciətlə bağlı müvafiq qurumlara sorğu göndərdik. İnsan Hüquqları Komitəsi olaraq bizim etdiyimiz müraciətlərin mütləq əksəriyyətinə cavab alırıq".
Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa:

"Müraciətlərimizə adətən diqqətsiz yanaşılmayıb. Amma həll olunmayan xeyli müricələrimiz də olur. Bu da həm büdcə vəsaitlərinin olmaması, həm də imkanların məhdudluğu ilə bağlı əsaslanadırlır. Amma bu günə qədər yazdığım heç bir müraicət cavabsız qalmayıb və həlli müəyyən mənada mümkün olanlar barədə məlumat alıram. Amma müxtəlif səbəblərdən yarıdan çoxu həll oluna bilmir. Ya şikayətin məzmunu həllinə uyğun olmur, ya da ki, imkanlar yoxdur.
Bizim daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məşğulluqla bağlı müraciətlərimiz olur. Bir də Əfv Komissiyasının üzvü kimi bu istiqamətdə mənə müraciətlər olur. Hər biriniə də normal cavablar alıram. Hansı mümkündürsə həll edir, hansı mümkün deyilsə, etmirlər. Məsələn, Daxili İşlər Nazirliyi müraciətlərimizə nazir səviyyəsində ətraflı cavab verir. Miqrasiya problemi ilə bağlı müraciətlər yüksək şəkildə həllini tapır. Digər qurumlarda da təqribən vəziyyət eynidir."
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, deputat Elşad Musayev:

"Göndərdiyim ərizələrin demək olar ki, hamısına cavab verilir. Düzdür, elə cavablar olub ki, məni qane etməyib, formal yanaşıblar, amma ümumilikdə müraciətlərimə cavab almışam. Ən çox qane etməyən məsələ şikayətçilərin fərdi ərizəsi ilə bağlıdır. Bu da əsasən, sosial sahə, pensiya məsələləri ilə bağlıdır. Əsas pobelemlərdən biri də Binəqədi - Biləcəri ərazisində asfaltlaşma, kanalizasiya xətləri və su problemləri ilə bağlıdır. Həmçinin, bizim ərazimizdə sənədsiz evlər də problemli məsələlərdəndir. Bu problem də illərdir həll olunmur. Məsələn, asfalt problemi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) deyir ki, əsas yolları biz təmir edək, ara yolları bələdiyyə. Bələdiyyənin də pulu yoxdur. Ona görə də məsələyə kompleks yanaşmaq lazımdır".
Milli Məclisin Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas:

"Mənim təcrübəmdə qurumlara müraicətlərlə bağlı neqativ hal yoxdur. Hər bir quruma etdiyim müraicətə 15 gün ərzində cavab almışam. Elə məsələlər var ki, onu həll edə bilməyiblər, çünki bəzən haqsız müraciətlər də olur. Amma ümumulikdə cavab almışam".
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Səyyad Aran:

"Bir müddət əvvəl parlamentdə Elm və Təhsil Nazirliyi haqqında çıxış etmişdim. Təhsil nazirinə təkliflər vermişdim ki, İmişli rayon 1 saylı tam orta məktəbinə modul otaqlar göndərilsin. Çünki orada dəhşətli dərəcədə sıxlıq var. Üzərindən bir il keçsə də, göndərilməyib. Həmçinin həmin məktəbin akt zalı sınıq stul, stol, şkafla doldurulub, zibilləri yığıblar ora. Direktorun da əlindən heç nə gəlmir. Nəhayət, mən o akt zalını təmizlətdirdim. Amma yenə də orada müəyyən şeylər qalır. Heyrətimə səbəb olan da odur ki, məktəbin akt zalı işləmirsə, hansı vətənpərvərlik tərbiyəsindən söhbət gedə bilər? Üstəlik, məktəbin səhnəsi də yer olmaması üzündən bufetə verilib. Həmin məktəb 1964-cü ildə istifadəyə verilib. 62 ildir. Səsləndirdiyim problem isə tam olaraq həllini tapmayıb. Elm və Təhsil Nazirliyi ilə bağlı qeydlərim, iradlarım hələ də həyata keçmir. Parlament nə üçündür? Gördüklərimizi, bildiklərimizi, xalqın bizə söylədiyi nöqsanları, iradları, məsləhətləri orada danışmaq üçün. Milli Məclisdə də danışırıq, necə deyərlər, mesaj ötürürük ki, belə məsələlər var. Bir il ərzində bu problemi həll edə bilmirsənsə, mənim sənə sözüm yoxdur.
Bu dəfə əsas giley-güzar Elm və Təhsil Nazirliyindən olub, növbəti dəfə imkan olsa, başqa nazirliklər haqqında da sözümü deyəcəyəm Həmin qurumlarla bağlı qeydlər aparmışam. Parlamentdə növbəti iclaslarda adlarını çəkəcəyəm".
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Aydın Mirzəzadə:

"Birmənalı şəkildə göndərdiyim müraicətlərə cavab almışam. Zəng etdiyim bütün nazirlər, xidmət rəhbərləri, baş nazirin müavinləri, hətta prezidentin köməkçilərinə belə hansısa məsələlər üzrə məktubla müraicət etmişəm, onlardan da cavab almışam. Qaldırdığım məsələlər ya həll olunub, ya da müavfiq izahatlar verilib. Hətta seçki dairəm olmayan rayonun icra hakimiyyəti başçısına müraciət göndərmişəm, oradan belə cavab almışam".
Milli Məclisin Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Hikmət Babaoğlu:

"Deputat fəaliyyətinin bir hissəsi də seçicilərin ən müxtəlif problemlərini onların müraciəti əsasında həll etmək üçün cəhdlər göstərməsidir. Belə hallarda millət vəkili müvafiq nazirliklərə, digər mərkəzi icra hakimiyyəti orqanlarına və yerli icra hakimiyyəti orqanlarına müraciət edirlər. Sevindirici haldır ki, bu müraciətlər heç vaxt cavabsız qalmır. Ya problem həll edilir, problemin həll edilməsi mümkün olmadıqda isə digər uyğun tədbirlərin görülməsi üçün birgə fəaliyyət həyata keçirilir. Çünki bəzən elə problemlər olur ki, onların həlli üçün müxtəlif qərarların qəbul edilməsi zərurəti yaranır.
Bəzən seçicilərin müraciətləri tikinti şirkətləri ilə bağlı olur və bu zaman biz özəl sektorun nümayəndələri ilə də yaxşı əməkdaşlıq edə, ümumi bir məxrəcə gələ bilirik. Xüsusən sökülmüş evlərin yerində yeni evlərin tikintisi zamanı seçicilərin, ya da evləri sökülmüş vətəndaşlarımızın iddiaları bəzən tikinti şirkətləri tərəfindən tam qəbul olunmur. Belə olan halda, şübhəsiz ki, ortaq məxrəc tapmaq zərurəti yaranır. Burada deputatların müəyyən fəaliyyəti olur və bütövlükdə mən düşünürəm ki, bu fəaliyyət yaxşı qurulub və yaxşı nizamlanıb".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elçin Mirzəbəyli:

"Bir qayda olaraq müraciətlərimiz bütün qurumlar tərəfindən cavablandırılır. Çalışıram ki, vətəndaşlarla keçirdiyim görüşlər zamanı onlardan qarşılaşdıqları çətinliklərlə bağlı şifahi şəkildə ətraflı məlumat alım və daha sonra onların müraciətlərinin həm də yazılı şəkildə təqdim olunmasına yardım göstərilsin. İnsanlar bəzən bu və ya digər səbəblərdən mahiyyət üzrə danışa və ya qarşılaşdıqları problemin səbəblərini izah edə bilmirlər. Bu reallığı bildiyim üçün əlavə suallar verirəm və bəzən sadəcə problemin həllinin izahı həlli üçün yetərli olur. Müraciətlərinin arasında təmin olunanı da var, olunmayanı da. Olunmayanda izahı, olunanda isə cavabı verilir. Bütün hallarda müraciətlərim, əgər vətəndaş tərəfindən qaldırılan məsələ onun təqdim etdiyi kimdirsə, əsasən təmin olunur.
Elə məsələlər olur ki, onların həlli üçün zamana ehtiyac duyulur. Xüsusilə də məşğulluqla bağlı. Bəlli olduğu kimi, kəndlərdə, qəsəbələrdə is yerləri çox məhdud olur və əsasən məşğulluqla bağlı müraciətlər, əgər yerində təmin edilməsi mümkün olmursa nəticəyönümlü olması bir qədər vaxt aparır. Böyük büdcə tələb edən problemlərin həlli isə zaman aparır. Xüsusilə də yolların təmiri və ya bərpası, elektrik xətlərinin yenilənməsi, su təminatı, məktəb tikintisi və digər bu kimi məsələlərin həlli üçün daha çox zamana və təbii ki, bütün bu məsələlərin büdcədə nəzərdə tutulmasına ehtiyac duyulur".