"Ermənistanın İrəvanda əsir və itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirməsi, ilk növbədə, bu humanitar problemin yenidən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması cəhdi kimi qiymətləndirilə bilər".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, konfransın məzmununa və Ermənistanın siyasi ritorikasına diqqət yetirdikdə aydın olur ki, rəsmi İrəvan bu məsələdən həm də siyasi məqsədlər üçün istifadə etməyə çalışır:
"Ermənistanın baş naziri Nikol Paşinyanın itkin düşmüş şəxslərlə bağlı Azərbaycanla əməkdaşlığın vacibliyini vurğulaması ilk baxışdan konstruktiv yanaşma təsiri bağışlasa da, bu məsələyə münasibətdə bir sıra mühüm məqamlar nəzərə alınmalıdır.
Əvvəla, Azərbaycan Ermənistan ərazisində işğalçılıq siyasəti həyata keçirməyib, soyqırımı törətməyib və müharibə cinayətləri törətmək məqsədilə hərəkət etməyib. Əksinə, Azərbaycan uzun illər Ermənistanın hərbi təcavüzü, işğalı və etnik təmizləmə siyasətinin nəticələri ilə üzləşib.
Ermənistanın itkin düşmüş şəxslərlə bağlı iddialarına gəlincə, rəsmi İrəvan, ilk növbədə, özünün müharibə dövründəki fəaliyyətinə aydınlıq gətirməlidir. Müharibələr zamanı hərbi itkilərin gizlədilməsi, həlak olmuş şəxslərin kimliyinin və dəfn yerlərinin ictimaiyyətdən gizli saxlanılması ilə bağlı məsələlər Ermənistan hakimiyyətinin cavab verməli olduğu ciddi suallar yaradır.
Əgər Ermənistanın itkin düşmüş vətəndaşları varsa, onların taleyinin araşdırılması üçün, ilk növbədə, öz arxivlərində, hərbi sənədlərində və müharibə dövrünə aid məlumatlarında şəffaflığı təmin etməlidir. Bu məlumatlara çıxışı ən yaxşı şəkildə məhz Ermənistanın özü təmin edə bilər.
Digər tərəfdən, Ermənistan hakimiyyətinin itkin düşmüş şəxslər məsələsini yenidən gündəmə gətirməsinin daxili siyasi səbəbləri də istisna edilmir".
Deputat bildirib ki, müharibədə həlak olanların və itkin düşənlərin taleyi ilə bağlı cəmiyyətdə uzun illərdir mövcud olan narazılıq, ailələrin cavabsız qalan sualları və hakimiyyətə ünvanlanan ittihamlar rəsmi İrəvan üçün ciddi siyasi problem olaraq qalır:
"Bu baxımdan, beynəlxalq konfransın keçirilməsi hakimiyyətin həmin problemlərin həlli istiqamətində fəaliyyət göstərdiyi görüntüsünü yaratmağa və daxili narazılıqları müəyyən qədər səngitməyə hesablanmış addım kimi də qiymətləndirilə bilər.
Lakin əsir və itkin düşmüş şəxslər məsələsində Azərbaycanın qarşılaşdığı humanitar problemlərin miqyası tamamilə fərqli mənzərə ortaya qoyur. Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın dörd minə yaxın vətəndaşı itkin düşmüş şəxs kimi qeydə alınıb. Onların taleyinin naməlum qalması bu günə qədər yüzlərlə ailənin ən ağır faciələrindən biri olaraq qalır.
Azərbaycan uzun illər beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) müraciət edərək itkin düşmüş şəxslərin taleyinin araşdırılmasına, kütləvi məzarlıqların müəyyənləşdirilməsinə və müvafiq məlumatların əldə olunmasına dəstək göstərilməsini istəyib. Ancaq bu istiqamətdə gözlənilən nəticələrin əldə olunmaması haqlı suallar doğurur.
Xüsusilə Ermənistan ərazisində saxlanılmış azərbaycanlı hərbi əsirlərin taleyi ilə bağlı məsələlər diqqətdən kənarda qalmamalıdır. Məlumatlara görə, Ermənistanda saxlanılmış 53 azərbaycanlıdan 17 nəfərin meyiti Azərbaycana qaytarılsa da, digərlərinin taleyi ilə bağlı uzun müddət dəqiq məlumat verilməyib.
Bu faktlar itkin düşmüş şəxslər məsələsində beynəlxalq humanitar təşkilatların daha prinsipial və nəticəyönümlü mövqe ortaya qoymasının vacibliyini göstərir".
A.Badamov vurğulayıb ki, təəssüf doğuran məqamlardan biri də BQXK-nin fəaliyyətində Azərbaycanın haqlı narazılığına səbəb olan halların mövcudluğudur:
"Komitənin uzun illər ərzində Azərbaycanın suveren ərazilərində ölkəmizlə razılaşdırılmadan qanunsuz fəaliyyət göstərməsi, separatçı qurumun nümayəndələri ilə təmasları və humanitar fəaliyyətinin şəffaflığı ilə bağlı suallar rəsmi Bakı tərəfindən dəfələrlə gündəmə gətirilib. Xüsusilə BQXK-nin Qarabağdakı fəaliyyətinin hüquqi çərçivəsi və Azərbaycanın suverenliyinə münasibəti ciddi müzakirə mövzusu olub.
44 günlük Vətən müharibəsindən sonra da Komitənin Qarabağdakı fəaliyyəti ilə bağlı dəfələrlə etirazımızı bildirmişik. Azərbaycan tərəfi BQXK-nin avtomobillərindən istifadə edilməklə qanunsuz daşımaların həyata keçirildiyinə dair iddialarını əsaslandıran faktları ictimaiyyətin diqqətinə çatdırmışdı.
Separatçı rejimin mövcudluğuna son qoyulduqdan sonra isə Xankəndidəki ofisin fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycanın müraciətlərinə uzun müddət aydın və operativ münasibət bildirilməməsi də narazılıq doğuran məsələlərdən biri olmuşdu.
Bütün bunlar BQXK-nin fəaliyyətinin obyektiv qiymətləndirilməsini zəruri edir. Beynəlxalq humanitar təşkilatın əsas vəzifəsi siyasi maraqlardan asılı olmayaraq, münaqişə tərəflərinə eyni prinsiplərlə yanaşmaq, əsirlərin hüquqlarını qorumaq, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə kömək etmək və insan ləyaqətinə hörmətin təmin olunmasına çalışmaqdır.
Bu prinsiplərin selektiv şəkildə tətbiqi isə təşkilatın beynəlxalq nüfuzuna və etibarlılığına ciddi zərbə vurur.
BQXK-nin İrəvanda keçirilən konfransda səsləndirdiyi fikirlər də məhz bu kontekstdə qiymətləndirilməlidir".
Millət vəkili onu da əlavə edib ki, əgər təşkilat həqiqətən itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsində maraqlıdırsa, bu məsələyə birtərəfli yanaşmamalı, Azərbaycan xalqının onilliklərdir cavab gözlədiyi minlərlə itkin vətəndaşının taleyini də eyni həssaslıqla gündəmə gətirməlidir:
"Ermənistanın itkin düşmüş vətəndaşları ilə bağlı narahatlıq ifadə edərkən Azərbaycanın dörd minə yaxın itkin düşmüş vətəndaşının taleyinə münasibətdə susqunluq nümayiş etdirmək humanitar prinsiplərlə uzlaşmır.
Əsl humanitar fəaliyyət siyasi və dini mənsubiyyətə, milli kimliyə və münaqişənin tərəflərinə görə fərq qoyulmadan həyata keçirilməlidir. Qırmızı xaç və qırmızı aypara emblemləri də məhz bu universallığın ifadəsidir.
Təşkilatın fəaliyyətində hər hansı tərəfə üstünlük verilməsi, bir tərəfin ağrısına həssaslıq göstərilərkən digər tərəfin faciəsinin kölgədə qalması onun neytrallığına dair ciddi suallar yaradır.
Bu baxımdan, Ermənistanın İrəvanda keçirdiyi konfransda səsləndirilən fikirlərdən daha vacib məsələ beynəlxalq humanitar təşkilatların öz fəaliyyətlərinə nə dərəcədə obyektiv yanaşmasıdır.
BQXK, ilk növbədə, Azərbaycanın illərdir cavab gözlədiyi suallara, itkin düşmüş vətəndaşlarımızın taleyinə, əsir və girov götürülmüş şəxslərlə bağlı araşdırmaların nəticəsiz qalmasına aydınlıq gətirməlidir.
Humanitar missiya siyasi maraqlara xidmət etmək vasitəsinə çevrilməməlidir. İtkin düşmüş insanın milliyyəti, dini və hansı tərəfə mənsub olması onun taleyinin araşdırılmasına göstərilən diqqəti müəyyən edə bilməz.
Əgər BQXK həqiqətən humanizm və neytrallıq prinsiplərinə sadiqdirsə, bunu yalnız İrəvandakı konfranslarda səsləndirilən bəyanatlarla deyil, bütün tərəflərə münasibətdə bərabər, şəffaf və nəticəyönümlü fəaliyyəti ilə sübut etməlidir".