"Ermənistanın itkin düşmüş şəxslər məsələsini beynəlxalq müstəvidə gündəmə gətirməsi ilə Azərbaycan tərəfinin onilliklərdir cavab gözlədiyi mühüm sualları cavabsız qoyması ciddi ziddiyyət yaradır".
Bunu Oxu.Az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
O bildirib ki, hazırda 4 010 Azərbaycan vətəndaşı Birinci və İkinci Qarabağ müharibələri ilə əlaqədar itkin düşmüş şəxs kimi qeydiyyatdadır:

"İşğaldan azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkarlanıb. Azərbaycan tərəfi şahid ifadələri və digər araşdırmalar əsasında 200-dən çox ehtimal olunan kütləvi məzarlığın yeri ilə bağlı məlumatların Ermənistan tərəfindən açıqlanmasını gözləyir. Burada söhbət sadəcə statistik rəqəmlərdən getmir. Hər bir itkin düşmüş şəxsin arxasında illərdir övladının, atasının, qardaşının və ya həyat yoldaşının taleyindən xəbər gözləyən bir ailə dayanır. Bu insanların harada dəfn edildiyini bilmək, nəşrlərinin tapılması və ailələrinə təhvil verilməsi onların fundamental humanitar hüquqlardır. Digər mühüm məqam Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş azərbaycanlıların taleyi ilə bağlıdır. Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olmuş 54 azərbaycanlıdan 17 nəfərinin nəşi Azərbaycana qaytarılıb, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, onların nəşi təhvil verilməyib, dörd nəfərin isə sonrakı taleyi məlum deyil. Bu faktlar Ermənistanın üzərinə düşən məsuliyyətin nə qədər ciddi olduğunu göstərir. Əgər həmin şəxslərin saxlanma yerləri, sonrakı hərəkətləri və ölüm halları ilə bağlı sənədlər mövcuddursa, onların Azərbaycan tərəfinə təqdim edilməsi vacibdir. Ermənistan bu məsələyə siyasi mübahisə kimi deyil, humanitar öhdəlik və insanlıq borcu kimi yanaşmalıdır. Çünki ailələr üçün yaxınlarının taleyini bilmək, dəfn mərasimini həyata keçirmək və onların məzarını ziyarət etmək mənəvi baxımdan əvəzsiz əhəmiyyət daşıyır".
Deputat əlavə edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq humanitar təşkilatlar da bu məsələdə öz imkanları daxilində daha fəal mövqe nümayiş etdirməlidir:
"Xüsusən vaxtilə əsir və girov götürülmüş şəxslərə baş çəkmiş beynəlxalq təşkilatların arxiv məlumatları, sənədləri və digər materialları itkinlərin taleyinin aydınlaşdırılması baxımından əhəmiyyətli ola bilər. Eyni zamanda, 2025-ci ildə Vaşinqtonda paraflanmış Azərbaycan-Ermənistan sülh sazişinin 9-cu maddəsində itkin düşmüş şəxslərlə bağlı məlumat mübadiləsi, onların taleyinin müəyyənləşdirilməsi, qalıqların axtarılması və qaytarılması məsələlərinin nəzərdə tutulması bu istiqamətdə konkret əməkdaşlıq üçün hüquqi və siyasi çərçivə yaradır. İndi əsas məsələ bu müddəaların praktik nəticəyə çevrilməsidir. Azərbaycan tərəfi bu məsələdə beynəlxalq hüquqa və humanitar prinsiplərə əsaslanan mövqe sərgiləyir. Ermənistanın 200-dən çox kütləvi məzarlığın yeri ilə bağlı məlumatları təqdim etməsi, arxiv sənədlərini açması və əsir-girovlarla bağlı qaranlıq məqamların aydınlaşdırılmasına kömək göstərməsi bölgədə etimadın formalaşmasına da töhfə verə bilər. Sülh yalnız siyasi sənədlərin imzalanması ilə məhdudlaşmır. Onun mənəvi və humanitar tərəfi də var. Onilliklərdir yaxınlarının yolunu gözləyən ailələrə cavab verilmədən, itkinlərin taleyi aydınlaşdırılmadan bu məsələnin tam həll olunduğunu söyləmək mümkün deyil. Ermənistanın sülh və humanitar əməkdaşlıqla bağlı bəyanatları konkret addımlarla təsdiqlənməlidir. Hər bir itkin insanın taleyinin müəyyənləşdirilməsi, hər bir ailənin həqiqəti bilmək hüququnun təmin olunması həm tarixi ədalət, həm də davamlı sülhün mühüm şərtidir".