"Qırmızı Xaç Komitəsi bu regionda fəaliyyətə başladığı gündən bəri heç vaxt özünün elan etdiyi prinsiplərə uyğun fəaliyyət göstərməyib, qanunsuz əməllərə və açıq ayrı-seçkiliyə yol verib".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.
O bildirib ki, 4 mindən çox azərbaycanlının taleyindən bu gün də xəbərsizdir:

"Söhbət Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülənlərdən gedir. Bu cinayətdir. Cinayətdə Ermənistana şərik olanlardan biri də məhz Qırmızı Xaç Komitəsi idi. Əsirlikdən və girovluqdan qayıdan soydaşlarımızın ifadələrinə və xatirələrinə əsaslanaraq deyirəm ki, əgər komitə o vaxt prinsipial mövqe göstərsəydi, bu gün bu qədər azərbaycanlının taleyi ilə bağlı sual yaranmazdı. Əsirlikdən və girovluqdan xilas olan soydaşlarımızın dediklərindən belə görünür ki, Qırmızı Xaçın nümayəndələri əsir və girov götürülənlərin əksəriyyətini görüblər, hətta bəzən onlara necə zülm edildiyinin də şahidi olublar. Komitədə əsir və girov saxlanılan azərbaycanlıların sayı və siyahısı olmalı idi. Sonra komitə Azərbaycana qaytarılmayan həmin insanların taleyi ilə maraqlandımı? Onlar necə oldular, hara getdilər? Əgər maraqlanıbsa, niyə ortada heç bir nəticə yoxdur? Komitənin nə dərəcədə rəzilcəsinə davrandığı 54 azərbaycanlının taleyinə münasibətdə də açıq görünür. 2000-ci ildə Qırmızı Xaç özü həmin şəxslərin sağ olduğunu və həbsxanalarda saxlanıldığını təsdiqləmişdi. Sonradan onlardan 17-sinin orada vəfat etdiyi bildirildi, nəşləri qaytarıldı. Bəlkə də, onları öldürüblər. Bəs qalan 37 nəfər haradadır? Qırmızı Xaç bir dəfə də olsun onların taleyi ilə maraqlandımı? Axı həmin insanların sağ olduğunu özü təsdiqləmişdi. Xeyr, maraqlanmadı. Amma Azərbaycanda saxlanılan hər bir erməni əsirin başındakı tüklə belə maraqlanırdılar".
Deputat əlavə edib ki, Qırmızı Xaç Komitəsinin Azərbaycanın ərazi bütövlüyünə, daha doğrusu, beynəlxalq hüquqa nə dərəcədə sayğısız yanaşdığı 1994-cü ildə Qarabağdakı keçmiş hərbi xunta ilə anlaşma memorandumu imzalamasından və 2000-ci ildə Xankəndidə ofis açmasından da aydın görünür:
"Komitə həmin ofisin açılması ilə bağlı oradakı rejimlə hansı sazişi imzaladığını açıqlamaqdan imtina etmişdi. Sonra həmin rejimin qondarma xarici işlər naziri Qırmızı Xaçla imzalanan sazişə istinad edərək deyirdi ki, artıq onların müstəqilliyini beynəlxalq qurumlar da tanıyır. Yeri gəlmişkən, mən bilərəkdən "Beynəlxalq Qırmızı Xaç Komitəsi" demirəm, çünki onun hərəkətlərində beynəlxalq heç nə görmürəm. Geniş coğrafiyada fəaliyyət göstərmək hələ beynəlxalq təşkilat olmaq demək deyil. İsveçrə dövlətinin və ona yaxın çevrələrin maraqlarından çıxış etmək də hələ beynəlxalq təşkilat olmaq demək deyil. Biz Qırmızı Xaç Komitəsinin əsl sifətini Azərbaycan öz torpaqlarını işğaldan azad edəndə gördük. O vaxt Komitənin orada əl atmadığı qanunsuz əməl qalmadı, casusluqdan tutmuş qaçaqmalçılığa qədər. Komitənin oradakı fəaliyyəti ilə bağlı axtarış etsəniz, saysız-hesabsız yazı ilə qarşılaşarsınız. Ümumilikdə, bu komitə regionda fəaliyyətə başlayandan bəri onun fəaliyyətində "qırmızı xaçpərəstlik" və dini ayrı-seçkilik görmüşəm. Ədalətli heç nə görməmişəm. Ona görə də bu qurumun istər müsbət, istərsə də mənfi məzmunlu açıqlaması mənim üçün heç bir əhəmiyyət kəsb etmir".