Avropa İttifaqı Şurası Ukraynanın 2027-ci il üçün əsas maliyyələşdirilməsinin hüquqi rəsmiləşdirilməsi başa çatdıqdan sonra 90 milyard avroluq ikiillik proqram çərçivəsində 45 milyard avronun ayrılmasını təsdiqləyən texniki qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi jurnalında dərc olunan sənəddə bildirilib.
Məbləğin 31.7 milyard avrosu silahlanmaya, 13.3 milyard avrosu isə büdcə yardımına yönəldiləcək.
Ukraynaya əlavə olaraq 45 milyard avro ayrılması və Aİ-nin zəmanəti ilə tərəfdaş ölkələrdən 25 milyard avro qrant alınması barədə müraciət hələ razılaşdırılmayıb. Bu məsələlər noyabrın 26-27-də keçiriləcək Aİ sammitinin əsas mövzusu olacaq.
Bundan əlavə, ABŞ Ukraynaya Amerikanın "F-16" qırıcıları üçün texniki xidmət dəstləri və müvafiq avadanlıqların ümumilikdə 621.9 milyon dollar dəyərində mümkün satışını təsdiqləyib. Bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatda bildirilib.
Sənədə əsasən, "F-16" təyyarələri üçün avadanlıqlar Belçika, Danimarka, Niderland və Norveçin Kiyevə ayırdığı vəsait hesabına ödəniləcək.