"İsrail İranı kimyəvi silah hazırlamaqda və onu əczaçılıq zavodlarında gizlətməkdə ittiham etməklə ABŞ-ni Tehrana qarşı yeni müharibəyə cəlb etməyə çalışır".
Oxu.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı "X" sosial şəbəkəsində yazıb.
"Bu müharibə qızışdırıcısı utanmadan İranı - Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin iştirakçısı, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının üzvü və Almaniyanın Səddam Hüseyn rejiminə verdiyi kimyəvi silahların qurbanı olan dövləti - belə iyrənc silahları hazırlamaqda və əczaçılıq zavodlarında gizlətməkdə ittiham edir. Məqsəd ABŞ-ni aldadaraq onun əvəzinə yeni müharibəyə başlamağa sövq etməkdir", - deyə bəyanatda qeyd olunub.
Əraqçının sözlərinə görə, İsrail nüvə, kimyəvi və ya bioloji silahların qadağan edilməsinə dair heç bir konvensiyaya qoşulmayıb, yüzlərlə nüvə döyüş başlığına malikdir, regionun yeddi ölkəsinə hücum edib və onlardan üçünün ərazilərini işğal edib.
"Yalnız son bir il ərzində o, ABŞ-ni İrana qarşı iki uğursuz müharibəyə cəlb edib", - deyə nazir vurğulayıb.
Qeyd edək ki, İsrailin müdafiə naziri İsrael Kats İranın kimyəvi silah yaratmaq üzərində işlədiyini bəyan edib və buna imkan verməyəcəklərini bildirib.