İngiltərə millisinin sabiq futbolçusu Rahim Sterlinq avtomobil qəzasına səbəb olması və azot oksidindən ("gülüş qazı") istifadə etməsi ilə bağlı 12 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçuya 18 ay sınaq müddəti müəyyənləşdirilib və 100 saat ictimai iş cəzası verilib.
O, həmçinin iki il müddətinə sürücülük hüququndan məhrum edilib.
Qeyd edək ki, Sterlinqi iki ilədək həbs cəzası gözləyirdi. Hadisə mayın 28-də İngiltərənin cənubunda magistral yolda baş verib. Sterlinq "Lamborghini" markalı avtomobili idarə edərkən zolaqları nizamsız şəkildə dəyişib və yolun ayırıcı səddinə çırpılıb. Şahidlərdən biri polisə futbolçunun azot oksidindən istifadə etdiyi üçün yolu düzgün görə bilmədiyini deyib.
Nəticədə Sterlinq magistraldan çıxaraq yol nişanına çırpılıb. Polis əməkdaşları onu zədələnmiş avtomobildə, iki ədəd azot oksidi balonu ilə birlikdə aşkar ediblər. Futbolçu təhlükəli avtomobil idarə etmək, "gülüş qazı" saxlamaq və qan analizi verməkdən imtina etmək ittihamlarını qəbul edib.
Məhkəmə cəzanı müəyyənləşdirərkən Sterlinqin xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmasını və asılılığının müalicəsi üçün yardım aldığını nəzərə alıb.
Qeyd edək ki, Rahim Sterlinq "Mançester Siti"nin heyətində dörd dəfə İngiltərə çempionu olub və milli komandanın formasında 82 oyun keçirib. O, karyerası ərzində "Liverpul", "Çelsi", "Arsenal" və "Feyenoord" klublarında da çıxış edib.