Almaniyanın Kel şəhərindəki mənzillərin birində eyni ailədən beş nəfərin meyiti aşkarlanıb, daha iki yeniyetmənin (11 yaşlı qız və 12 yaşlı oğlan) vəziyyəti isə kritikdir.
Oxu.Az xəbər verir ki, bu barədə Almaniyanın "Die Zeit" nəşri məlumat yayıb.
Mənzildə yaşayanların ölümünə səbəb kimi qazsızması göstərilsə də, istintaqın bununla bağlı bəzi sualları var.
Hadisə erməni ailəsinin başına gəlib və uşaqların həm Ermənistan, həm də Almaniya vətəndaşlığı olub.
Polisin verdiyi məlumata əsasən, ölənlər arasında 46 yaşlı ata, onun 74 yaşlı anası və yaşları 10 ilə 14 arasında dəyişən üç nəfər də var. Hadisə baş verən zaman uşaqların anası evdə olmayıb.
Hadisə noyabrın 23-ü səhər saatlarında bəlli olub. Uşaqların dərsə getməməsi məktəbdə narahatlıq yaradıb.
Hazırda olayın texniki nasazlıq, yoxsa cinayət əməli nəticəsində baş verdiyi aydınlaşdırılır.