Aktrisa Hayden Panettyeri avqustun 16-da 36 yaşında vəfat edib. Məhkəmə sənədlərindən məlum olub ki, o, ölümündən əvvəl vəsiyyətnamə yazmayıb. Onun ümumi sərvəti 6.23 milyon dollar olaraq qiymətləndirilir: bunun təxminən 5.21 milyon dolları şəxsi əşyaları, 1.02 milyon dolları isə daşınmaz əmlakın payına düşür.
Oxu.Az-ın Osnmedia.ru-ya istinadən verdiyi məlumata görə, məhkəmə aktrisanın sabiq boksçu Vladimir Kliçko ilə münasibətlərindən dünyaya gələn qızı Kayanı yeganə vərəsə kimi tanıyıb.
Qızın əmlakı üzərində müvəqqəti qəyyum Kliçko təyin edilib. O, etibarlı nümayəndəsi olan Melissa Moskal Bençivenqanın miras idarəedicisi kimi təsdiqlənməsi üçün məhkəməyə müraciət edib.
Sentyabr ayında Kliçko keçmiş nişanlısının əmlakının qorunması və qızının vərəsəlik hüquqlarının təmin edilməsi tələbi ilə məhkəməyə müraciət edib. Müraciətdə qeyd olunub ki, federal agentlər Panettyerinin Los-Ancelesdəki evinə daxil olaraq ona məxsus əşyaları aparıblar. Bu hadisədən sonra idmançı mühafizə xidməti tutub və qapı qıfıllarını dəyişdirib. Oktyabrda keçirilən məhkəmə iclasına Kaya atası ilə birlikdə videobağlantı vasitəsilə qatılıb.
Qeyd edək ki, Panettyeri və Kliçko 2009-cu ildə görüşməyə başlayıb, 2013-cü ildə isə nişanlandıqlarını elan ediblər. Cütlüyün qızı 2014-cü il dekabrın 9-da anadan olub. Lakin onlar evlənmədən 2018-ci ilin avqustunda ayrılıblar. Həmin dövrdə uzun illər narkotik asılılığından əziyyət çəkən aktrisa qızının tam qəyyumluğunu Kliçkoya verib.
Aktrisa Cənubi Karolina ştatının Qrinvill şəhərində kirayə götürdüyü mənzildə vəfat edib. Ölüm anında onun yanında sevgilisi Brayan Hikerson və qardaşı Zak olublar. Ölümünə səbəb kimi güclü təsirə malik dərmanların toksik təsiri göstərilib. Polis istintaqı yekunlaşdıraraq Panettyerinin ölümünü bədbəxt hadisə kimi qiymətləndirib.