Ləğv prosesində olan "MuğanBank" ASC-nin Bakı, Sumqayıt və Goranboydakı dörd daşınmaz əmlakı açıq hərraca çıxarılıb.
Oxu.Az xəbər verir ki, əmlakların ümumi ilkin satış qiyməti 3 milyon 140 min manatdır.
Bakının Nizami küçəsi, 96 ünvanındakı 218.3 kvadratmetrlik təmirli qeyri-yaşayış binası 1 milyon 500 min manat ilkin qiymətlə hərraca çıxarılıb.
Əmlaklardan biri də Bakının Nəsimi rayonu, 28 May küçəsi, ev 4 ünvanındakı qeyri-yaşayış sahəsidir. Dördmərtəbəli binanın birinci mərtəbəsi və antresolunda yerləşən 361.5 kvadratmetrlik obyektin ilkin qiyməti 1 milyon 200 min manatdır.
Goranboy rayonun Heydər Əliyev prospekti, 44 ünvanındakı 127.1 kvadratmetrlik, təmir zəif olan ikimərtəbəli bina isə 120 min manat ilkin qiymətlə hərraca çıxarılıb. Sumqayıtın 46-cı məhəlləsindəki 1065.3 kvadratmetrlik, təmirsiz birmərtəbəli əmlak kompleksinə 320 min manat qiymət qoyulub.
Qeyd edək ki, 2023-cü ilin sentyabrında açıqlanmış səhmdar strukturunda bankın 40 faizinin Munir Vəliyevə, 33.85 faizinin Samir Vəliyevə, 16.27 faizinin Vəfa Vəliyevaya məxsus olduğu göstərilib. Beləliklə, sabiq deputat Əhməd Vəliyevin övladlarının ümumi payı 90.12 faiz təşkil edib. Digər səhmdarlar Fəridə Mehdiyeva və Elmir Mehdiyevin payı müvafiq olaraq 9.22 və 0.66 faiz göstərilib.
Xatırladaq ki, "MuğanBank"ın lisenziyası 2023-cü il oktyabrın 19-dan ləğv edilib. Mərkəzi Bank qərarı kapital çatışmazlığı, kapital adekvatlığının aşağı olması, idarəetmə və nəzarət prosedurlarındakı nöqsanlarla əsaslandırıb. Həmin il oktyabrın 24-də bank müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu onun ləğvedicisi təyin edilib.
Abbas Mirzəyev