Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaşların Daxili İşlər Nazirliyinin "102" xidmətinə etdiyi müraciətlərin banklara çatdırılması prosesini tam avtomatlaşdırmağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə AMB-nin Rəqəmsal fırıldaqçılığın qarşısının alınması və monitorinqi şöbəsinin rəhbəri Elvin Cuvarov X Beynəlxalq Bank Forumunda danışıb.
Onun sözlərinə görə, hazırda "102" xidmətinə daxil olan müraciətlər AMB-yə və banklara yarımmanual, yarıavtomatik qaydada ötürülür. Yeni mexanizmin tətbiqi ilə bu prosesin tam avtomatlaşdırılması nəzərdə tutulur.
E.Cuvarov bildirib ki, AMB, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, banklar və bəzi elektron pul təşkilatları arasında bu istiqamətdə işçi qrupu fəaliyyət göstərir. Məlumat mübadiləsinin təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlı işlərin ilin sonunadək müəyyən mərhələyə çatdırılması planlaşdırılır.
AMB rəsmisi, həmçinin mərkəzləşdirilmiş antifrod platformasının yaradılmasının nəzərdə tutulduğunu açıqlayıb. Onun sözlərinə görə, platformanın 2030-cu ilədək tam istifadəyə verilməsi hədəflənir.
Yeni sistem banklar, ödəniş və elektron pul təşkilatları, eləcə də Mərkəzi Bank arasında məlumat mübadiləsini təmin edəcək. Bununla yanaşı, dələduzluq risklərinin qiymətləndirilməsi, şübhəli əməliyyatların monitorinqi və müştərilərlə bağlı dələduzluq hallarına qarşı birgə tədbirlərin elektronlaşdırılması mümkün olacaq.
Abbas Mirzəyev