ABŞ-nin Missisipi ştatının sahil sularında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində altı nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi Xidməti məlumat yayıb.
"Sahil Mühafizəsi tərəfdaş qurumlarla birlikdə itkin düşmüş 6 nəfərin axtarışlarını yekunlaşdırıb. Dalğıclar Missisipidəki Horn adasından təqribən 2 mil (3.2 km) aralıda suya düşən təyyarənin göyərtəsindəki 6 nəfərin meyitini tapıblar", - deyə məlumatda qeyd olunur.
Noyabrın 24-də "Cessna 210" markalı yüngülmühərrikli təyyarə ilə aviastansiya arasında rabitə əlaqəsi kəsilib. Yerli vaxtla saat 15:45-də (Bakı vaxtı ilə 25 noyabr 01:45-də) Sahil Mühafizəsinə hava gəmisinin itməsi barədə siqnal daxil olub və təqribən dörd saat davam edən axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Rəsmi qurum təyyarədə kimlərin olduğu barədə ətraflı məlumat verməyib. Yerli mətbuatın yaydığı xəbərlərə əsasən, həlak olanlardan 4-ü böyük, 2-si isə uşaqdır. Onların hamısının meyiti suyun dibinə düşmüş təyyarənin gövdə hissəsində (füzelyajda) aşkarlanıb.