Birləşmiş Ştatların andlılar məhkəməsi Çinin "Huawei" şirkətini kommersiya sirlərinin oğurlanması məqsədilə əlbir olmaq, bank dələduzluğu və ABŞ sanksiyalarının pozulması da daxil olmaqla 10 ittiham aktı üzrə günahkar sayıb. Bununla yanaşı, reket fəaliyyəti məqsədilə əlbir olmaq ittihamı üzrə şirkətə bəraət verilib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu qərar rəsmi Vaşinqtonla simsiz telekommunikasiya şəbəkələri üçün avadanlıqların ən böyük istehsalçısı arasında düz səkkiz il davam edən məhkəmə mübarizəsinin yekunu olub.
İttiham tərəfinin rəyinə görə, "Huawei" İrandakı fəaliyyəti ilə bağlı bankları aldadıb və bazarda üstünlük əldə etmək üçün amerikalı rəqiblərinin texnoloji ixtiralarını mənimsəyib.
Şirkət rəhbərliyi isə irəli sürülən iddiaları rədd edərək, onların heç bir real əsasa malik olmadığını və "Huawei"in əldə etdiyi nailiyyətlərin məhz öz innovasiyaları, eləcə də yatırdığı investisiyalar hesabına reallaşdığını bildirib.
Sözügedən məhkəmə prosesi iki aydan çox davam edib. Şirkət barəsində yekun hökmün 2027-ci il sentyabrın 14-də elan olunacağı gözlənilir.