Latviyalı basketbolçu Yanis Timmanın vəfat etdiyi vaxt Rusiya və Ukraynada məşhur olan müğənni, "VIA Qra" qrupunun keçmiş solisti Anna Sedokovanın bank hesabında on milyonlarla rubl vəsait olub. İddia olunur ki, bu məbləğ də əmlak bölgüsünə daxil edilməlidir.
Oxu.Az xəbər verir ki, bu barədə noyabrın 20-də iddiaçı tərəfin vəkili Marqarita Qavrilova "İzvestiya" nəşrinə müsahibəsində bildirib.
"Bankdan daxil olan cavaba əsasən, Yanisin vəfat etdiyi tarixdə Sedokovanın hesabında 63 milyon rubl (təxminən 1,3 milyon manat) olub. Bu vəsait də daşınmaz əmlakla yanaşı bölünməlidir. Lakin nikahın pozulması üçün ərizə verildiyi və Timmanın vəfat etdiyi tarixlərdə onun hesablarında nə qədər pul olduğu barədə hələ bütün banklardan tam cavab almamışıq", - deyə Qavrilova qeyd edib.
Moskvanın Ostankino Rayon Məhkəməsi iddia çərçivəsində bölünməsi tələb olunan əmlakın həcmini dəqiqləşdirmək məqsədilə bir neçə banka və "Roskadastr"a yenidən sorğular göndərəcək.
"Əgər məhkəmə prosesində qalib gəlsək, bu, Anna Sedokova üçün çox ağır zərbə olacaq. Yanis Timmanın anası üçün isə müəyyən təsəlli olacaq", - deyə vəkil bildirib.
Bundan əvvəl müğənninin vəkili Tatyana Stukalova məhkəməyə basketbolçunun verdiyi üç etibarnamənin təqdim olunduğunu açıqlamışdı.
Qavrilova isə buna münasibət bildirərək qeyd edib ki, Timmanın verdiyi sənədlər, o cümlədən 20 il müddətinə verilmiş etibarnamə Sedokovaya vəsaitləri təkbaşına idarə etmək hüququ vermir.
Xatırladaq ki, Yanis Timmanın vəfat etdiyi 2024-cü il dekabrın 17-də məlum olub. Onun telefonunun ekranında "Annaya zəng edin" yazısı və Sedokovanın telefon nömrəsi olub.
Hadisədən bir gün əvvəl basketbolçu keçmiş həyat yoldaşını sosial şəbəkələrdə ad günü münasibətilə təbrik edib. Həmin ilin oktyabrında isə müğənni idmançıdan boşanmaq üçün rəsmi müraciət etmişdi.
2025-ci ilin yanvarında Latviyada aparılan məhkəmə-tibbi ekspertiza Timmanın ölümündə kriminal xarakterli halların ola biləcəyini istisna etməyib. İstintaq idmançının intihar etdiyi qənaətinə gəlsə də, digər versiyaları təsdiqləmək mümkün olmayıb.
Sonradan istintaq orqanları ölümün şəraitini əlavə olaraq araşdırıblar. Timmanın yaxınları Sedokovanın intihara çatdırma ittihamı ilə məsuliyyətə cəlb olunmasını tələb etdikdən sonra cinayət işi üzrə icraat yenidən bərpa edilib.
2026-cı ilin avqustunda idmançının ailəsinin vəkilləri Moskva məhkəməsinə amerikalı notariusun Timma ilə Sedokova arasındakı nikah müqaviləsini təsdiqləmədiyini göstərən sənəd təqdim ediblər.
Vəkil Marqarita Qavrilovanın fikrincə, müğənni həmin sənəddən birgə əldə edilmiş daşınmaz əmlakı təkbaşına idarə etmək üçün istifadə edib.