HBO "Harri Potter" adlı yeni serialından ilk fraqmenti yayımlayıb. Birinci mövsümün "Harri Potter və fəlsəfə daşı" adlanacağı və premyerasının 2026-cı il dekabrın 25-də, katolik Milad bayramında baş tutacağı açıqlanıb.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, yayımlanan fraqmentdə Hoqvartsın Böyük zalında təşkil olunan bayram ziyafəti əks olunub.
Kadrlarda Harri, Ron, Hermiona və sehr məktəbinin digər şagirdləri fakültələrə bölündükdən sonra uzun masaların arxasında əyləşirlər. Şagirdlər məktəbin direktoru Albus Dambldorun adını ucadan səsləndirirlər. Dambldor barmaqlarını şaqqıldatdıqdan sonra masaların üzərində yeməklər peyda olur.
Müəllimlər üçün ayrılmış masada Con Litqounun canlandırdığı Albus Dambldor professor Makqonaqall ilə söhbət edir. Professor Makqonaqall obrazını isə Canet Maktir canlandırır.
Serial Warner Bros. şirkəti tərəfindən hazırlanır. HBO isə şirkətin törəmə qurumudur. Layihə yazıçı Coan Roulinqin yeddi kitabı əsasında ekranlaşdırılacaq:
- "Harri Potter və fəlsəfə daşı";
- "Harri Potter və Sirlər otağı";
- "Harri Potter və Azkaban məhbusu";
- "Harri Potter və Alov qədəhi";
- "Harri Potter və Feniks ordeni";
- "Harri Potter və Qarışıq qanlı şahzadə";
- "Harri Potter və Ölüm yadigarları".
Coan Roulinq serialın icraçı prodüserlərindən biridir. Ümumilikdə yeddi mövsümün çəkilməsi planlaşdırılır. Hər mövsüm yazıçının kitablarından birinə həsr olunacaq.
Yeni ekran işində Harri Potter rolunu Dominik Maklaflin, Hermiona Qreyncer rolunu Arabella Stanton, Ron Uizli rolunu isə Alaster Staut canlandıracaq. Roulinq seçilmiş aktyorları bəyəndiyini bildirib.