HBO şirkəti yeni "Harri Potter" serialının ilk treylerini təqdim edib.
Oxu.Az xəbər verir ki, video şirkətin "YouTube" kanalında yayımlanıb.
Layihənin premyerası 2026-cı ilin Milad bayramına planlaşdırılıb. Serialın ilk mövsümü səkkiz bölümdən ibarət olacaq.
İlk mövsümdə "Harri Potter və Fəlsəfə Daşı" kitabındakı hadisələr ekranlaşdırılacaq. Serial 11 yaşlı Harrinin sehrbaz olduğunu və valideynlərinin qaranlıq sehrbaz Lord Voldemort tərəfindən öldürüldüyünü öyrəndikdən sonra yaşadığı macəralardan bəhs edir.
Serialda əsas rolları Dominik Maklaflin (Harri Potter), Arabella Stenton (Hermiona Qreyndcer) və Alaster Staut (Ron Uizli) canlandırırlar.
Ssenarini "Vərəsələr" serialı üzərində işi ilə tanınan Françeska Qardiner yazıb.
Yaxın həftələrdə ikinci mövsümün çəkilişlərinə başlanılacaq. İkinci mövsümdə "Sirlər otağı" kitabı ekranlaşdırılacaq.