Böyük Britaniyanın dəmir yolu infrastrukturunu idarə edən "Network Rail" dövlət şirkəti buxar mühərrikli qatarların hərəkətini qadağan edib. Buna səbəb "Harri Potter" filmlərindəki məşhur qatarın təbiətdə yanğına yol açması və bununla əlaqədar yaranan təhlükəsizlik narahatlıqlarıdır.
Oxu.Az xəbər verir ki, bu məlumatı "Daily Mail" nəşri yayıb.
Söhbət "West Coast Railways" şirkətinin "Yakobit" parovozundan gedir. Bu lokomotiv bütün dünyada "Hoqvarts Ekspresi" kimi tanınır.
Sözügedən qadağa ötən həftə baş verən yanğından sonra tətbiq edilib. Alovlanmanın buxar lokomotivindən sıçrayan qığılcım üzündən yarandığı güman olunur. Hadisə səbəbindən Qərb Magistral Dəmir Yolu xəttində nəqliyyatın hərəkəti hər iki istiqamətdə dayandırılıb. Nəticədə 72 qatarın reysi təxirə salınıb, əlavə 158 reysdə isə gecikmələr yaşanıb.
"Network Rail" şirkəti çarter xidməti göstərən operatorlara müraciət edərək, yanğın təhlükəsizliyi qaydaları çərçivəsində buxar mühərriklərinin dizel sistemləri ilə əvəzlənməsini tələb edib. Paralel olaraq, Qərb Sahili Magistral Dəmir Yolundakı alovlanmanın dəqiq səbəblərini müəyyənləşdirmək üçün təhqiqat işləri aparılır.
Məlum olduğu kimi, "Hoqvarts Ekspresi" "Harri Potter" filmindəki kult qatardır və hər il sentyabrın 1-i saat 11:00-da London şəhərinin Kinqs-Kross stansiyasındakı 9¾ nömrəli platformadan hərəkətə başlayır. Həqiqi həyatda isə fanatlar onun real versiyası hesab edilən "Yakobit" parovozunda səyahət etmək imkanına malik idilər.