Malayziyada keçmiş ər-arvad evdə tək qaldıqları üçün qonşuların şikayəti əsasında saxlanılıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Sinqapurun "Mothership" nəşri yazıb.
Məlumata görə, hadisə Pontian bölgəsində baş verib. Cohor ştatının İslam Dini İdarəsinin əməkdaşları yerli sakinlərin şikayətlərindən sonra araşdırma aparıblar. Onlar gecə təxminən saat 1:40-da qadının evinə gedərək orada onun keçmiş ərini görüblər. Həmin vaxt onların iki uşağı qonaq otağında yatıb.
Hakimiyyət orqanlarının məlumatına görə, kişi və qadının 30-dan yuxarı yaş var. Onlar bir ildən çoxdur ki, boşanıblar. Kişi bildirib ki, evə uşaqlarını ziyarət etməyə gəlib.
Qohumluq əlaqələri olmayan kişi və qadın şəriətin qadağa etdiyi əməldə, yəni bir evdə qalmaqda şübhəli bilinərək saxlanılıblar. İş Cohor ştatının şəriəti əsas götürən 1997-ci il tarixli qanununun 27-ci maddəsinə əsasən araşdırılır. Sözügedən qanun cinayət əməlləri haqqındadır.
Dini idarənin nümayəndələri keçmiş ər-arvada məsləhət görüblər ki, nikahlarını yenidən qeydiyyata almaq istəyirlərsə, müvafiq qaydada müraciət etsinlər.