Serbiyanın Kraquyevats şəhərində yerləşən texnikumda baş verən silahlı insident nəticəsində iki nəfər xəsarət alıb.
Oxu.Az ölkənin Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı tələbə saxlanılıb.
Nazirliyin məlumatına əsasən, yaralananlar arasında tədris müəssisəsinin şagirdi yoxdur. Zərərçəkənlərdən biri birbaşa atəş nəticəsində, digəri isə şüşə qırıntılarından xəsarət alıb.
"Tanjug" agentliyinin daha əvvəl yaydığı məlumata görə, çərşənbə axşamı səhər saatlarında naməlum şəxs atəş açaraq məktəbin qadın əməkdaşını yaralayıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Agentliyin bildirdiyinə görə, hadisə yerinə gələn polis əməkdaşları atəş açan şəxsi həbs ediblər. DİN-dən verilən açıqlamada vurğulanır ki, şübhəli şəxs tədris binasının dəhlizində kiçik çaplı tüfəngdən istifadə edib. Tələbələr evlərinə buraxılıb, baş vermiş insidentlə bağlı təhqiqat davam edir.