Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəllər məhkum olunmuş şəxsi külli miqdarda pulu dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilərək saxlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) sosial şəbəkə hesabında məlumat verilib.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs Marneuli rayonunda yaşayan vətəndaşı aldadaraq ondan 11 min lari (təxminən 7 179 manat) tələb edib.
O, nüfuzlu əlaqələrindən istifadə yolu ilə vətəndaşın oğlunu Azərbaycandakı cəzaçəkmə müəssisəsindən azad etdirəcəyinə söz verib.
Saxlanılan şəxs vətəndaşdan tələb etdiyi məbləği alıb və dələduzluq yolu ilə mənimsəyib.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxsi 9 ilə qədər azadlıqdan məhrumetmə cəzasını gözləyir.