Rusiya Federasiyasının Maqadan vilayətində "Berelex" qızılçıxarma şirkəti daşınma prosesində dəyəri 591 milyon rubldan (təxmini 12 milyon 300 min manat) çox olan qızılın itirilməsi səbəbindən Xüsusi Rabitə Xidmətinin regional idarəsinə qarşı məhkəmə iddiası qaldırıb.
Oxu.Az Rusiya KİV-ə istinadən bildirir ki, bu barədə Maqadan Vilayəti Arbitraj Məhkəməsinin mətbuat xidməti açıqlama yayıb.
Məhkəmə materiallarından məlum olur ki, bu ilin sentyabr ayında Xüsusi Rabitə Xidmətinin əməkdaşları Rusiyanın digər bölgələrinə çatdırmaq məqsədilə müəssisədən qiymətli və nadir torpaq metallarından ibarət yükü təhvil alıblar, lakin sonradan malın bir hissəsinin itirilməsi barədə şirkətin sahibini məlumatlandırıblar.
Şirkət daşıyıcıdan dəyən ziyanın ödənilməsini tələb etsə də, məhkəməyə qədər kompensasiya almaq mümkün olmayıb. Qızılın dəyəri ilə yanaşı, "Berelex" daşınma xərci kimi 215 000 rubldan çox, başqasının pul vəsaitlərindən istifadəyə görə isə 8.846 milyon rubl faiz məbləğinin tutulmasını istəyir. Məhkəmə iddianı icraata götürüb. İlkin iclasın 16 dekabrda keçirilməsi planlaşdırılır.