Prezident Donald Tramp Amerika Birləşmiş Ştatlarında federal məhkəmələr tərəfindən çıxarılan ölüm hökmlərinin icrasının sürətləndirilməsi barədə göstəriş verib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Donald Tramp ABŞ Ədliyyə Nazirliyindəki çıxışı zamanı deyib:
"Əmrimə əsasən, baş prokuror federal səviyyədə çıxarılan ölüm hökmlərinin icrasını tezləşdirməlidir. Andlılar heyəti belə bir qərar qəbul etdikdən sonra edam cəzasının tətbiqi sürətli və qaçılmaz olacaq".
Prezident əlavə edib ki, onun göstərişinə uyğun olaraq, Ədliyyə Nazirliyi yetkinlik yaşına çatmayanların qətli və ya zorlanmasında təqsirli bilinən şəxslərə, o cümlədən "öz qurbanlarını öldürən insan alverçilərinə" qarşı edam cəzasının verilməsinə nail olmalıdır.
Tramp Kaliforniya qubernatoru Qevin Nyusomu noyabrın əvvəlində ştatda edam cəzasına məhkum edilmiş bütün şəxslərin cəzasını ömürlük həbslə əvəzləmək qərarına görə növbəti dəfə sərt tənqid edib. Bu qərar 560-dan çox məhkuma şamil olunub. Nyusom 2028-ci ildə keçiriləcək seçkilərdə ABŞ prezidentliyinə demokratlar tərəfindən namizədliyi ən çox ehtimal olunanlardan biri hesab edilir. Qubernator yanvar ayında ali dövlət postuna namizədliyini irəli sürüb-sürməyəcəyinə qərar vermək niyyətində olduğunu bildirib. Nyusom ardıcıl olaraq ölüm hökmünə qarşı çıxış edir.
2025-ci ilin yanvarında vəzifəyə başladıqdan sonra Tramp federal səviyyədə ölüm hökmünün bərpası haqqında fərman imzalayıb. O, federal məhkəmələrin çıxardığı ölüm hökmlərinin icrasına qoyulan mövcud moratoriumu ləğv edib.