Cənubi Koreyanın ən varlı iş adamlarından biri, "SK Group" konqlomeratının İdarə Heyətinin sədri Çve Te Von ölkə tarixinin ən səs-küylü və bahalı boşanma proseslərindən birinə son qoymaq üçün keçmiş həyat yoldaşı No So Yonqa 944 milyard von (təxminən 700 milyon dollar) ödəməyə razılaşıb.
Oxu.Az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, məhkəmə çəkişməsi 2017-ci ildən, Çve Te Vonun nikahın pozulmasını tələb etməsindən sonra başlayıb.
Cütlük 1988-ci ildə evlənib və onların üç övladı var. No So Yonq 1988-1993-cü illərdə Cənubi Koreyanın prezidenti olmuş No Te Unun qızıdır.
Hələ 2015-ci ildə "SK Group" rəhbəri uzun illərdir başqa bir qadınla münasibətdə olduğunu, həmin qadından qız övladının dünyaya gəldiyini etiraf edib və həyat yoldaşından ayrılmaq niyyətini açıqlayıb. No So Yonq əvvəlcə boşanmaya qarşı çıxsa da, sonradan ailə sərvətinin bölünməsini tələb edib.