İtaliya baş nazirinin müavini, infrastruktur və nəqliyyat naziri Matteo Salvini Ukraynanın "Mirotvorets" saytının bağlanmasını tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə siyasətçinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Salvini bu tələbi İtaliyanın paytaxtı Romada Ukraynanın səfiri İqor Brusilo ilə görüşü zamanı çatdırıb.
Siyasətçi İtaliya dövlət qurumlarının nümayəndələri də daxil olmaqla, çoxsaylı İtaliya vətəndaşlarının adlarının və şəxsi məlumatlarının yerləşdirildiyi "Mirotvorets" saytı ilə bağlı ciddi narahatlığını ifadə edib. O, Ukrayna hökumətini saytın bloklanması və orada adı yer alan bütün İtaliya vətəndaşları barədə məlumatların silinməsi ilə bağlı konkret öhdəlik götürməyə çağırıb.
Qeyd edək ki, İtaliyada müxalifətdəki "5 Ulduz Hərəkatı"nın avropalı deputatlarının adlarının saytın məlumat bazasına daxil edilməsi qalmaqala səbəb olub. Daha sonra arxivdə Matteo Salvininin də adının olduğu aşkarlanıb.
İtaliyanın Baş naziri Corcia Meloninin Berlində "Könüllülər koalisiyası"nın toplantısı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə bu vəziyyəti qəbuledilməz adlandırdığı bildirilir. İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani də ölkəsinin Ukraynadakı səfiri vasitəsilə Kiyevdən məsələ ilə bağlı izahat tələb edib.
Sonradan Salvininin saytdakı profili silinib.