Tailand Apellyasiya Məhkəməsi müxalif Xalq Partiyasından olan deputat Rakçanok Srinoku Kral Maha Vaçiralonqkornu təhqir etdiyinə görə üç il müddətinə azadlıqdan məhrum edib.
Oxu.Az rg.ru-ya istinadən xəbər verir ki, cinayət işi Rakçanokun deputat olmadığı 2021-ci ildə "Twitter" sosial şəbəkəsində (indiki "X") etdiyi iki paylaşımla bağlıdır.
Onlardan birində o, hökuməti kral ailəsinin maraqları naminə COVID-19 vaksinlərinin istehsalında monopoliya yaratmaqda ittiham edib. Söhbət kral mülkiyyəti ilə əlaqəli olan və Tailandda vaksin istehsalına icazə verilən şirkətdən gedib.
İkinci epizod isə kralın ünvanına sərt antimonarxist fikirlər, o cümlədən ona qarşı zorakılığa çağırışlar olan başqa bir paylaşımın yayılması ilə bağlı olub. İstintaq Rakçanokun həmin paylaşımı öz səhifəsində yerləşdirdiyini iddia edib. Siyasətçi isə ittihamı rədd edərək hesabından kənar şəxslərin istifadə etmiş ola biləcəyini bildirib.
2023-cü ilin dekabrında birinci instansiya məhkəməsi onu hər iki epizod üzrə təqsirli bilərək altı il həbs cəzasına məhkum edib. Hər epizod üzrə üç il həbs cəzası təyin olunub. Lakin 2026-cı il noyabrın 23-də Apellyasiya Məhkəməsi ikinci epizod üzrə sübutları yetərsiz hesab edərək cəzanı üç ilədək azaldıb. Vaksinlərlə bağlı paylaşım üzrə ittiham hökmü isə qüvvədə saxlanılıb.
Rakçanok 500 min bat (təxminən 15 min dollar) girov müqabilində azadlığa buraxılıb.