Taylandda türkiyəli iş adamının evinə basqın edərək 820 min dollar dəyərində kriptovalyuta oğurlayan şəxslər axtarılır. Pattayya polisi hadisə ilə əlaqəli olduğu ehtimal edilən tərk edilmiş avtomobil aşkarlayıb və silahlı üç şübhəlinin axtarışını davam etdirir.
Oxu.Az "Pattaya Mail"ə istinadən xəbər verir ki, hadisə oktyabrın 6-da baş verib. Zərərçəkən basqınçılardan qaçaraq polisə müraciət edib. O bildirib ki, səhər tezdən evinə daxil olan şəxslər onu silahla hədələyərək seyfi açmağa məcbur ediblər.
Basqınçılar evdən nağd pul və üç "Rolex" saatı oğurlayıblar. Bundan əlavə, iş adamını 820 min dollar dəyərində kriptovalyutanı onların hesabına köçürməyə məcbur ediblər. Daha sonra həmin kriptovalyuta satılıb.
Hadisə nəticəsində ümumi zərərin 30 milyon bat (təxminən 890 700 dollar) olduğu bildirilir.
Polis daha sonra təhlükəsizlik kameralarının görüntülərində qeydə alınan, soyğunçuluqla əlaqəli olduğu ehtimal edilən qara rəngli "Toyota Fortuner" markalı avtomobili aşkarlayıb. Avtomobil tərk edilmiş vəziyyətdə tapılıb.
Hüquq-mühafizə orqanları təhlükəsizlik kameralarının görüntülərini araşdırır və oğurlanmış kriptovalyutanın hərəkətini izləyirlər. Artıq üç şübhəlinin müəyyən edildiyi bildirilir. Lakin onların kimliyi hələlik açıqlanmayıb.