"Nvidia" şirkətinin Direktorlar Şurası Censen Huanqın baş direktor vəzifəsinə qaytarılması barədə qərarı şirkətin ali rəhbərliyi ilə razılaşdırmadan qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayılıb.
Məlumata görə, qərar ABŞ Prezidenti Donald Trampın təkidindən sonra bazar günü axşam qəbul edilib. Bu zaman şirkət rəhbərliyi, o cümlədən "Nvidia"nın baş direktorunun səlahiyyətlərini müvəqqəti icra edən Kolet Kress şirkətin təsisçisi olmadan keçiriləcək illik tərtibatçılar konfransına hazırlaşırmış.
Şirkət rəhbərinin geri qayıtması barədə məlumat yayıldıqdan sonra çip istehsalçısı bazar kapitallaşmasına görə dünyanın ən böyük üç korporasiyası sırasına qayıdıb və daha əvvəl üçüncü yerdə qərarlaşdığı ABŞ-nin "Alphabet" şirkətini geridə qoyub. Hazırda ilk üçlükdə "Apple" (5.07 trilyon dollar), ikinci pilləyə yüksələn "Nvidia" (4.021 trilyon dollar) və "Microsoft" (3.71 trilyon dollar) qərarlaşıb.
"Google"un sahibi olan "Alphabet" 3.443 trilyon dollar kapitallaşma ilə dördüncü, "Amazon" isə 2.784 trilyon dollarla beşinci yerdədir.
Xatırladaq ki, noyabrın 23-də "Nvidia" Censen Huanqın şirkətin baş direktoru və prezidenti vəzifələrinə bərpa olunduğunu açıqlayıb. Qərar direktorlar şurası tərəfindən yekdilliklə qəbul edilib. Şirkət ABŞ administrasiyasından bu addımın milli təhlükəsizlik üçün təhdid yaratmayacağı barədə məlumat alıb.
Noyabrın 12-də Huanq Çinin lehinə casusluqda şübhəli bilinən qadınla münasibətləri ətrafında yaranan qalmaqal fonunda "Nvidia"nın baş direktoru və prezidenti vəzifələrindən ayrılıb, həmçinin şirkətin Direktorlar Şurasını tərk edib. Çin Xarici İşlər Nazirliyi həmin qadının Çin kəşfiyyatına işləməsi ilə bağlı iddiaları böhtan adlandırıb.