1992-ci ildə ekranlara çıxan "Betmen qayıdır" filminin çəkiliş prosesində yer almış üç əsl "Betmobil"dən biri Kaliforniya hərracında öz alıcısını tapmayıb.
Oxu.Az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, "Julien's Auctions" hərracında təkliflər 3.25 milyon dollar həddində dayanıb.
Lakin bu məbləğ avtomobil sahibinin təyin etdiyi minimum satış qiymətinə çatmayıb. Hərracdan əvvəl nəqliyyat vasitəsinin dəyəri 5-7 milyon dollar civarında qiymətləndirilirdi.
Uzunluğu təxminən altı metr olan, orijinal rəngli, "Chevrolet V8" mühərrikli və alovlu qazburaxma imitasiyasına malik bu avtomobil ekran işindəki təqib və digər səhnələrinin böyük hissəsində istifadə edilib.
Çəkilişlər yekunlaşdıqdan sonra "Betmobil" bir neçə il saxlanılıb, daha sonra isə "Marconi Automotive Museum" avtomobil muzeyində nümayiş olunub.
Bildirilir ki, bu maşın ictimai yollarda idarə etmək üçün nəzərdə tutulmayıb və onun kütləvi nümayişi "Warner Bros." şirkəti ilə mütləq şəkildə razılaşdırılmalıdır.