"Bəzi ailələrdə hələ də təhsilə qarşı geridəqalmış düşüncələr var".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda təşkil olunan konfransda bildirib.
O, ailələrdə mövcud mənfi tendensiyalarla mübarizənin önəmindən danışıb:
"Hələ də müəyyən ailələr var ki, orada ailə başçısı belə düşünür: mən təhsil almışam, əlimdə nə var ki, mənim övladım da oxumağa getsin və nəsə əldə etsin. Biz imkan verməməliyik ki, Azərbaycanın, beynəlxalq arenada tanınan bir dövlətin bu cür fəlsəfə ilə həyat sürən vətəndaşları olsun. Həmin mənfi tendensiya ilə mübarizə aparmalıyıq", - o qeyd edib.
Hicran Hüseynova bildirib ki, erkən nikahların qarşısının alınmasında din xadimlərinin - axundların rolu böyükdür:
"Çünki onlar icmalara ən yaxın olan şəxslərdir. Ailələrlə birbaşa ünsiyyət zamanı bu kimi mənfi halların qarşısının alınması və maarifləndirmə fəaliyyətinin həyata keçirilməsində onların geniş imkanları mövcuddur".